2026-cı il sentyabrın 30-da sosial şəbəkədə yayılan bəyanatlarla əlaqədar İran İslam Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Əli Moucani Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, Gürcüstan xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili İran səfirinə sosial şəbəkədə yaydığı bəyanatların diplomatik fəaliyyət çərçivəsindən kənara çıxdığını bildirib. Nazir müavini qeyd edib ki, bu cür bəyanatlar ictimai əhval-ruhiyyəyə mənfi təsir göstərir. O, İran tərəfinin müvafiq tədbirlər görəcəyinə və belə halların bir daha təkrarlanmayacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu, Gürcüstan tərəfindən əlavə tədbirlərin görülməsinə ehtiyac yaranmaması üçün vacibdir.
Aleksandre Xvtisiaşvili İran səfirinə, həmçinin Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndələrin fəaliyyətlərini diplomatik mandat və səlahiyyətləri çərçivəsində həyata keçirməli, diplomatik münasibətlərdə qəbul edilmiş normalara riayət etməli, qəbul edən ölkənin tarixi və daxili məsələlərini şərh etməkdən çəkinməli olduqlarını izah edib.
Qeyd edək ki, İranın Gürcüstandakı səfiri Əli Moucani "Facebook" səhifəsində Kraliça Ketevanın təsviri ilə bağlı paylaşım edib.
Səfir paylaşımında bildirib ki, həmin axşam İran İslam Respublikasının Gürcüstandakı səfirliyinin fasadı Kraliça Ketevanın təsviri ilə işıqlandırılıb. Onun sözlərinə görə, bu təsvir yalnız tarixi şəxsiyyətin xatirəsi ilə bağlı deyil, həm də bu günə qədər müxtəlif versiyaların mövcud olduğu tarixi yaddaşın simvoludur.
Mətləb