...Çində qədim Sanxingdui kompleksindəki qurbanlıq çuxurlarından birində tapılan sirli metal əşyanın yadplanetli mənşəli materialdan hazırlandığı ortaya çıxıb.
Alimlər təxminən üç min il əvvəl bölgə sakinlərinin Yer kürəsinə meteoritlə gələn dəmirdən istifadə etdiyinə inanırlar. SİA-nın əldə etdiyi məlumata görə, tədqiqat Asiyada Arxeoloji Tədqiqatlar jurnalında dərc edilib.
Qurbanlıq çuxurunun tapılması...
Sanxingdui arxeoloji kompleksi Çinin cənub-qərbindəki Quanqan şəhərində yerləşir və Şan sülaləsinə aiddir.
Qədim yaşayış məskənində saray binaları, istehsal sahələri və ritual əşyaları olan bir neçə çuxur aşkar edilib.
Çuxurlardan birində tədqiqatçılar balta və ya silaha bənzər bir əşyanın fraqmentlərini tapıblar.
Artefakt K7QW-TIE-1 adlandırılıb.
Dəmirin yadplanetli olduğu ortaya çıxıb...
Təhlillər göstərdi ki, obyekt 90 faizdən çox dəmir və təxminən 7 faizi nikeldən ibarətdir.
Nikel metal boyunca bərabər paylanmışdır. Bu xüsusiyyətlər Çində Tunc dövrünə aid artefaktlar üçün qeyri-adi haldır, çünki həmin dövrdə regionda dəmir istehsalı texnologiyası hələ inkişaf etməmişdi.
Metalloqrafik təhlildən sonra alimlər artefaktin meteor dəmirdən hazırlandığı qənaətinə gəldilər.
Çin üçün nadir tapıntı…
Sanxingdui artefaktı Çində meteor metaldan hazırlanmış azsaylı məlum artefaktlardan biridir.
Alimlər təxminən 13 belə tapıntıdan xəbərdardırlar. Onların əksəriyyəti dəmir və bürüncün qarışığından hazırlanmış əşyalardır.
K7QW-TIE-1, Sincandan olan qədim bıçaq kimi, tamamilə meteor dəmirdən hazırlanmışdır.
Qeyri-adi metal nə üçün istifadə olunurdu?
Tapıntının dəqiq məqsədi hələ də məlum deyil. Tədqiqatçılar əşyanın adi bir alət ola biləcəyi ehtimalını istisna etmirlər, lakin onun ritual əşyalar arasında tapılması onun xüsusi əhəmiyyət kəsb edə biləcəyini göstərir.
Qədim mədəniyyətlərdə səmavi mənşəli metal tez-tez müqəddəs inanclarla əlaqələndirilirdi.
Məsələn, meteor dəmirindən hazırlanmış əşyalar qədim Misirdə və Anadoluda ritual məqsədlər üçün istifadə olunurdu.
Alimlər güman edirlər ki, Sanxingdui sakinləri bu materialı qeyri-adi hesab etmiş və ona xüsusi məna vermiş ola bilərlər.
Əli Babayev