"Banklar kredit verərkən yalnız borcalanın orta gəlirini hesablamaqla kifayətlənməməlidir." - İQTİSADÇI

30 Sentyabr 2026 15:05 (UTC+04:00)

"Qeyri-sabit gəliri olan şəxslərin kredit götürməsi banklar üçün müəyyən risklər yaradır. Xüsusilə kənd təsərrüfatı sektorunda bu məsələ daha mürəkkəbdir. Çünki burada gəlirlər bir neçə istiqamətdə dəyişkən olur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.

Onun sözlərinə görə, məsələn, əkinçiliklə məşğul olan fermerlərin gəlirləri əsasən mövsümi xarakter daşıyır: "Taxılçılıqda və digər sahələrdə məhsul ildə bir dəfə əldə edilə bilər. Fermer fəaliyyətini diversifikasiya edərək müxtəlif məhsullar yetişdirirsə, gəlirlər il ərzində iki və ya daha çox dövrə bölünə bilər. Lakin buna baxmayaraq, ilin müəyyən aylarında gəlir olmadığı halda həmin dövrdə əkin sahələrinə qulluq üçün xərclər davam edir. Bank kreditlərinin isə adətən aylıq ödənişləri olduğu üçün belə gəlir strukturu borcalanın ödəniş qabiliyyətinin qiymətləndirilməsini çətinləşdirir.

Digər risk ondan ibarətdir ki, kənd təsərrüfatında gəlirlər hər il eyni olmur. Bir il məhsuldarlıq yüksək ola və məhsul daha baha satıla bilər, digər il isə məhsulun qiyməti aşağı düşə və ya məhsuldarlıq azala bilər. Bəzi fəaliyyət sahələrində isə məhsuldarlıq ilk illərdə aşağı olur, sonrakı dövrlərdə tədricən artır. Bu da gəlirlərin dəyişkənliyini yüksəldir.

Ona görə banklar kredit verərkən yalnız borcalanın orta gəlirini hesablamaqla kifayətlənməməlidir. Gəlirlərin il ərzində nə qədər dəyişə bildiyi, ən yüksək və ən aşağı gəlir dövrləri, eləcə də mümkün risk ssenariləri nəzərə alınmalıdır.

Sabit maaş alan şəxslərdə vəziyyət nisbətən fərqlidir. Məsələn, şəxsin aylıq maaşının müəyyən hissəsinin kredit ödənişinə yönəldilməsi və qalan məbləğin digər ehtiyaclar üçün saxlanılması bank üçün daha proqnozlaşdırılan vəziyyət yaradır. Sahibkarlıq fəaliyyətində, xüsusilə də kənd təsərrüfatında isə gəlirlər bu cür sabit olmur.

Bu baxımdan kredit qabiliyyəti qiymətləndirilərkən ən azı üç ssenarinin nəzərdən keçirilməsi məqsədəuyğundur: əsas, optimist və bədbin ssenari. Mən hesab edirəm ki, kredit öhdəliyinin müəyyənləşdirilməsi zamanı xüsusilə bədbin ssenari əsas götürülməlidir. Yəni ən aşağı gözlənilən gəlir hesablanmalı, həmin gəlirdən fəaliyyətlə bağlı bütün xərclər çıxılmalı və yalnız bundan sonra kredit ödənişləri üçün real olaraq nə qədər vəsaitin qala biləcəyi müəyyənləşdirilməlidir.

Kənd təsərrüfatının müxtəlif sahələrində gəlirlərin formalaşma xüsusiyyətləri də fərqlidir. Məsələn, istixana təsərrüfatında pomidor və digər məhsulların yığımı bir dəfə deyil, bir neçə ay ərzində davam edə bilər. Balıqçılıqda satış ilboyu mümkün olsa da, satışın tempi bütün aylarda eyni olmur. Toyuqçuluq, heyvandarlıq və südçülükdə də müəyyən mövsümi amillər və fəaliyyətə xas risklər mövcuddur.

Bundan başqa, kənd təsərrüfatında məhsuldarlığın azalması ilə yanaşı, xərclərin artması riski də var. Soyuq hava, xəstəliklərin yayılması və digər amillər həm məhsul itkisinə səbəb ola, həm də əlavə xərc yarada bilər. Buna görə bədbin ssenaridə yalnız gəlirlərin azalması deyil, xərclərin artması ehtimalı da nəzərə alınmalıdır.

Bu səbəbdən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslərin kredit qabiliyyətini qiymətləndirərkən gəlirləri aylıq deyil, illik əsasda hesablamaq daha məqsədəuyğundur. Hətta istixana təsərrüfatı kimi ilin müəyyən dövründə gəlir əldə edilən sahələrdə də ümumi illik gəlir və xərclər nəzərə alınmalıdır. Balıqçılıq kimi fəaliyyətlərdə isə satışın müəyyən aylarda daha yüksək, digər aylarda daha aşağı olması nəzərə alınaraq illik göstəricilər əsasında qiymətləndirmə aparılmalıdır.

Nəticə etibarilə, kənd təsərrüfatında kredit qərarı yalnız orta illik gəlirə əsaslanmamalıdır. Gəlirlərin dəyişkənliyi, mövsümi xüsusiyyətlər, xərclərin səviyyəsi, mümkün xəstəlik və digər risklər, eləcə də bədbin ssenaridə borcalanın kredit ödənişlərini həyata keçirmək imkanları kompleks şəkildə qiymətləndirilməlidir".