Azərbaycan AŞPA-da fəaliyyətini dayandırsa da, insan haqlarının bərpasında aparıcı rol oynayır -SƏMƏD SEYİDOV

30 Sentyabr 2026 12:54 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Parlamenti qanunu və insan haqlarını özəlləşdirə bilməzlər, hansısa insan haqları ilə bağlı qanun layihələrini alət kimi istifadə edib ölkələrə təzyiq göstərə bilməzlər.

SİA xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin payız sessiyasının bugünkü - ilk iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan AŞPA-da fəaliyyətini dayandırsa da, insan haqları, insan haqlarının bərpası ilə bağlı dünyada ən aparıcı rollardan birini oynayır:

"Əslində, bir milyon qaçqın-köçkünün insan haqlarının qaytarılması ən gözəl nümunədir. Milli Məclisin Avropa Parlamenti ilə bağlı qəbul etdiyi qətnamə də elə-belə sənəd deyil, çox ciddi, çox düzgün və yerində verilmiş qətnamədir. Onlar insan haqlarını, demokratiyanı, qanunun aliliyini alət kimi istifadə edib dövlətlərə təzyiq göstərə bilməzlər. Azərbaycan bütün insan haqları ilə bağlı beynəlxalq qanun layihələrini milli maraqları çərçivəsində tətbiq etməyə hazırdır".