İri sahibkarlıq subyektlərinin 2027-ci il yanvarın 1-dən 20 ilə qədər uzadılan sosial sığorta və vergi güzəştlərindən tam yararlanması üçün onların ümumi gəlirlərində ixracın xüsusi çəkisinin müəyyən həddən az olmaması və əldə olunan vəsaitlərin yerli bank hesablarına köçürülməsi tələb ediləcək.
SİA xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, texnologiyalar parkının rezidentlərində, o cümlədən texnologiyalar parkından kənar fəaliyyət göstərən rezidentlərində bu fəaliyyətin məqsədləri üçün çalışan fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2027-ci il yanvarın 1-dən 20 il müddətində 0 faiz dərəcəsi ilə tutulacaq.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı, o cümlədən texnologiyalar parkından kənar fəaliyyətdən əldə etdikləri gəlir (muzdlu işdən gəlir istisna olmaqla) normativ hüquqi aktlara uyğun olaraq sənaye və texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən etibarən sənaye parklarının rezidentlərinə münasibətdə 10 il, texnologiyalar parklarının rezidentlərinə münasibətdə isə 20 il müddətinə gəlir vergisindən azad ediləcək. Texnologiyalar parkının rezidentinin bu fəaliyyət üzrə əldə olunan gəlirlərindən ödənilən dividend texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı tarixdən etibarən 20 il müddətinə gəlir vergisindən azad ediləcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin sənaye və texnologiyalar parkındakı, o cümlədən texnologiyalar parkından kənar fəaliyyətdən əldə etdikləri gəlir normativ hüquqi aktlara uyğun olaraq sənaye və texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən etibarən sənaye parklarının rezidentlərinə münasibətdə 10 il, texnologiyalar parklarının rezidentlərinə münasibətdə isə 20 il müddətinə mənfəət vergisindən azad ediləcək. Texnologiyalar parkının rezidentinin fəaliyyət üzrə əldə gəlirlərindən ödənilən dividend texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı tarixdən etibarən 20 il müddətinə mənfəət vergisindən azad ediləcək.
Qeyri-dövlət sektoruna aid edilən, eləcə də səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olmayan texnologiyalar parkının rezidenti, onun podratçısı və həmin podratçı ilə birbaşa müqavilə bağlamış subpodratçı ilə bağlanmış əmək müqaviləsi (kontraktı) əsasında həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üzrə, 2027-ci il yanvarın 1-dən 20 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən ödəniləcək. Bu güzəşt qeyri-dövlət sektoruna aid edilen, eləcə də səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olmayan texnologiyalar parkının iri sahibkarlıq subyektlərinə aid edilən rezidentlərinə münasibətdə müəyyən şərtlər daxilində tətbiq ediləcək.
Yuxarıda sözügedən bütün güzəştlər iri sahibkarlıq subyektlərinə münasibətdə aşağıdakı şərtlər daxilində tətbiq ediləcək:
texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisi müəyyən edilən həddən az olmadıqda. Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisinin minimum həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək;
texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektləri malların (işlərin, tərəfindən xidmətlərin) ixracı zamanı həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlər (vəsaitlər) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldükdə.
Məlumat üçün bildirək ki, Vergi Məcəlləsində texnologiyalar parklarının rezidentlərinə, cümlədən texnologiyalar parkından kənar fəaliyyət göstərən rezidentlərə şamil edilən və 2027-ci il yanvarın 1-dən qüvvəyə minmiş vergi güzəştləri 2027-ci il yanvarın 1-dən texnologiyalar parkının rezidenti şəhadətnaməsini alan və qeyri-dövlət sektoruna aid edilən, eləcə də səhmlərinin və ya paylarının 51 və daha artiq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olmayan texnologiyalar parkının rezidentlərinə münasibətdə tətbiq ediləcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.