NDU Elmi Kitabxanası, Tərcümə Mərkəzi, Xarici dillər fakültəsinin birgə təşkilatçılığı ilə məşhur ingilis yazıçısı və alimi Herbert Corc Uellsin 160 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin Tərcümə Mərkəzinin tərcüməçisi, “İngilis dili və tərcümə” kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Süsənbər Ağamalıyeva elmi-fantastik ədəbiyyatın banilərindən biri hesab olunan məşhur ingilis yazıçısı və alimi Herbert Corc Uellsin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, müəllif əsərlərində əsasən texnologiyanın cəmiyyətə və insan münasibətlərinə təsirini araşdırıb.
Tədbir daha sonra müzakirə şəklində davam edib. Xarici dillər fakültəsi müəllimləri, İngilis dili tərcümə və İngilis dili müəllimliyi ixtisaslarında təhsil alan tələbələr yazıçının yaradıcılığı haqqında videoməlumatlar və fotolar vasitəsilə iştirakçıları ətraflı məlumatlandırıb. Qeyd edək ki, tədbir ingilis dilində keçirilib.
Sonda çıxış edən baş kitabxanaçı Çinarə İsmayılova Tərcümə Mərkəzi və Xarici dillər fakültəsinə birgə tədbirin təşkilinə göstərdikləri diqqətə görə öz minnətdarlığını bildirib və bu cür tədbirlərin davamlı olacağını qeyd edib.