Hüquqi əməkdaşlıq qarşılıqlı prinsiplər əsasında həyata keçirilməlidir.
Azərbaycanın hüquq sisteminin işğalın mirasından tamamilə azad edilməsi istiqamətində proses davam etdirilməlidir.
SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin 2026-cı il payız sessiyasının ilk iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, yüzlərlə beynəlxalq sənəddə hələ də “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ” ifadəsinə rast gəlinir. Onun sözlərinə görə, bu kimi müddəaların aradan qaldırılması hüquq sisteminin işğalın mirasından təmizlənməsi baxımından əhəmiyyətlidir.
Zahid Oruc cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Konvensiyanın ikinci əlavə protokolunun müzakirəsi zamanı Avropada qarşılıqlı hüquqi yardım sistemindən üzv dövlətlərin bərabər istifadə imkanlarının diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.
Deputat Azərbaycanın hüquq-mühafizə orqanlarının digər dövlətlərə göndərdiyi hüquqi yardım sorğularının icra vəziyyəti ilə bağlı suallar səsləndirib. O, sorğuların neçə faizinin icra olunduğu, hansı sayda müraciətin cavabsız qaldığı və yardım göstərilməsindən imtinaların hüquqi əsaslarının açıqlanmasının vacibliyini qeyd edib.
O bildirib ki, dövlətlər arasında hüquqi əməkdaşlıq qarşılıqlı prinsiplər əsasında həyata keçirilməlidir.
Deputat çıxışında informasiya və hibrid təhdidlər məsələsinə də toxunub. O, dezinformasiya, saxta xəbərlər və digər informasiya təhdidlərinin dövlətlərin təhlükəsizliyi baxımından ciddi çağırışlar yaratdığını deyib.
Zahid Oruc xarici dövlətlərdə yaşayan bəzi şəxslərin Azərbaycan əleyhinə fəaliyyət göstərdiyini iddia edib və bu məsələlər üzrə beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Deputat bildirib ki, Azərbaycan Fransa, Almaniya və digər dövlətlərdən qanundan kənar addımlar tələb etmir, həmin ölkələrin qoşulduğu beynəlxalq hüquqi konvensiyaların müddəalarının effektiv şəkildə tətbiq olunmasını istəyir.
O, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və aidiyyəti təhlükəsizlik qurumlarının iştirakı ilə Azərbaycanın əleyhinə xaricdən həyata keçirilən cinayət xarakterli rəqəmsal və hibrid fəaliyyətlə bağlı beynəlxalq hüquqi yardım və ekstradisiya mexanizmlərinin nəticələri haqqında xüsusi hesabat hazırlanmasını təklif edib.
Deputatın sözlərinə görə, hesabatda xarici ölkələrə göndərilən hüquqi yardım sorğuları, həmin müraciətlərə verilən cavablar və imtinaların səbəbləri barədə məlumatlar əks olunmalıdır.