"Süni intellekt bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də tətbiq olunmağa başlayıb. Bundan qaçış yoxdur. Süni intellekt bu günün və gələcəyin texnologiyasıdır və kifayət qədər geniş imkanlar tətbiq edir və görülən işlərin qısa zamanda ərsəyə gəlməsinə vəsilə olur". Bu sözləri SİA-ya açıqlamasında təhsil mütəxəssisi Çingiz Səfərli deyib.
Onun sözlərinə görə, ölkəmizdə də bu istiqamətdə işlər genişləndirilir. “OpenAI”, “Microsoft” və “Google” şirkətləri ilə yaxın zamanlarda qurulan əməkdaşlıqlar həm təhsilverənlərin, həm təhsilalanların “Rəqəmsal məktəb” platforması üzərindən süni intellekt alətlərinə əlçatanlığının artırılmasına xidmət edir:
"Bu gün “Rəqəmsal məktəb” platformasına daxil olan müəllim dərsini daha interaktiv, daha maraqlı formada hazırlamaq üçün bu süni intellekt köməkçilərindən ödənişsiz istifadə edə bilir. Sadəcə mövzunu yazmaqla maraqlı testlər hazırlamaq, təqdimatlar yaratmaq, şagirdlər arasında müəyyən yarışmalar keçirmək üçün təkliflər almaq mümkündür. Bu baxımdan süni intellekt həm müəllimin işini xeyli yüngülləşdirir, həm də dərsin daha maraqlı tədrisinə imkan verir.
Bundan başqa, elm sahəsində də artıq süni intellekt geniş formada tətbiq edilir. Dünyanın bir çox universitetləri ənənəvi formada böyük xərc tələb edən təcrübələrin aparılmasında süni intellekt laboratoriyalarının imkanlarından istifadə edirlər. Təsadüfi deyil ki, ötən il kimya üzrə Nobel mükafatını alan şəxs kimyaçı alim yox, kompüter texnologiyaları sahəsində ixtisaslaşmış mütəxəssis idi.
Biz nə qədər inkar etsək də, bəzi kəsimlər nə qədər buna qarşı çıxışlar etsə də, belə başa düşürəm ki, süni intellektdən qaçışımız yoxdur. Necə ki, bir vaxtlar internet, smartfonlar, kompüterlər işimizin, həyatımızın, təhsilimizin bir parçasına çevrildisə, bu da həmin prosesin davamıdır.
Dövrlə ayaqlaşmaq istəyiriksə, süni intellekt sahəsində məlumatlılığımızı artırmalı, onun imkanlarını öyrənməli və bu imkanlardan işimizdə, təhsilimizdə necə daha düzgün və effektiv yararlana biləcəyimizi düşünməliyik. Süni intellektdən uzaq durmaq deyil, onu öyrənmək və doğru zamanda, doğru məqsədlə tətbiq etməyi bacarmaq bu günün əsas tələblərindən birinə çevrilir".