"İkinci Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın xarici iqtisadi fəaliyyətində yeni strategiyanın əsasını qoyan hadisə kimi dəyərləndirilə bilər. İndiyədək, xüsusilə son illərə qədər Azərbaycan xarici investisiyaları əsasən neft-qaz sektoruna cəlb etməyə çalışıb".
Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, 1990-cı illərin ortalarından etibarən ölkənin neft-qaz sektoruna yüz milyardlarla dollar sərmayə yatırılıb və bunun böyük hissəsini xarici investisiyalar təşkil edib:
"Bu investisiyaların nəticəsində Azərbaycan öz neftini dünya bazarlarına çıxarmaq imkanları əldə edib və əldə olunan gəlirlər hesabına müxtəlif sahələrin, o cümlədən müdafiə imkanlarının inkişafına şərait yaradılıb. Lakin hazırda dünyada enerji sektorunda baş verən dəyişikliklər fonunda neft-qaz sektorunun əvvəlki tempdə inkişaf etdirilməsi uzunmüddətli perspektivdə kifayət qədər səmərəli olmaya bilər. Neft ehtiyatlarının azalması, gələcəkdə təbii qaz hasilatında da müəyyən azalmaların baş verməsi ehtimalı Azərbaycanın iqtisadi strategiyasında yeni istiqamətlərin müəyyənləşdirilməsini zəruri edir.
Bu baxımdan Azərbaycan xarici investisiyaların cəlb edilməsində strateji istiqaməti dəyişərək diqqəti qeyri-neft sektoruna yönəldir. Hesab edirəm ki, bu, mövcud şəraitə uyğun addımdır. Çünki qeyri-neft sektorunun müxtəlif istiqamətlərində Azərbaycanın əhəmiyyətli inkişaf imkanları var. Buraya azad iqtisadi zonaların yaradılması, sənaye zonaları və sənaye parklarının inkişaf etdirilməsi, dağ-mədən sənayesinin və metallurgiyanın genişləndirilməsi, rəqəmsal transformasiya, böyük data mərkəzlərinin yaradılması, turizmin inkişafı, həmçinin yaşıl enerji mənbələrinin, o cümlədən günəş və su elektrik stansiyalarının yaradılması daxildir.
Neft-qaz sektorundan kənar sahələrin inkişaf etdirilməsi Azərbaycanın qarşısında duran mühüm strateji istiqamətlərdən biridir. İkinci Beynəlxalq İnvestisiya Forumunda da əsas diqqət bu məsələlərə yönəldilib. Forumda qeyri-neft-qaz sektorunda böyük maliyyə resurslarını idarə edən beynəlxalq şirkətlərin iştirakı mühüm əhəmiyyət daşıyıb. Onların iştirakı ilə Azərbaycanın qeyri-neft sektoruna yaxın illərdə milyardlarla dollar həcmində investisiyanın yatırılmasına imkan verəcək sazişlərin imzalanması müsbət haldır.
Bununla yanaşı, xarici investisiyaların ölkəyə daha rahat şəkildə cəlb edilməsi üçün biznes mühitinin təkmilləşdirilməsi, azad rəqabət imkanlarının genişləndirilməsi və investorlara əlverişli şəraitin yaradılması vacibdir. Xüsusilə tender proseslərinin şəffaflığının artırılması və məhkəmə sisteminin daha da gücləndirilməsi xarici investorların ölkədə özlərini daha etibarlı hiss etmələrinə şərait yarada bilər.
Bu istiqamətlərdə zəruri addımlar atılarsa, Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi üzrə müəyyən etdiyi strateji hədəflərə yaxın illərdə daha da yaxınlaşmaq mümkün olacaq".