"Qarabağda Böyük Qayıdış üçün yeni imkanlar yaradılır" - POLİTOLOQ DANIŞDI

30 Sentyabr 2026 11:32 (UTC+04:00)

"İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa prosesi hazırda müxtəlif istiqamətlərdə davam etdirilir. Şuşa, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Laçın ərazilərində genişmiqyaslı quruculuq işləri həyata keçirilir".

Bunu SİA-ya politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, digər tərəfdən, həmin ərazilərdə mina və digər partlayıcı qurğulardan təmizləmə prosesi də davam edir. Bununla paralel olaraq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı sürətlənib. Ağdamda artıq məskunlaşma prosesi həyata keçirilir və bu, Böyük Qayıdış baxımından mühüm və əlamətdar hadisədir:

"Təbii ki, prosesin müəyyən müddət ərzində həyata keçirilməsinin səbəbləri var. Ərazilərin minalardan təmizlənməsi, yaşayış məntəqələrinin yenidən qurulması və zəruri infrastruktur layihələrinin icrası vaxt tələb edir. Buna görə də əhalinin həmin ərazilərə qayıdışı bir-iki, hətta üç-beş il ərzində tam başa çatacaq proses kimi qiymətləndirilə bilməz.

Mövcud məlumatlara görə, yaxın perspektivdə on minlərlə insanın Qarabağa qayıdaraq məskunlaşması nəzərdə tutulur və bu istiqamətdə artan tendensiya müşahidə edilir. Prosesin daha sürətli və səmərəli həyata keçirilməsi üçün dövlətin imkan və resursları səfərbər olunur. Burada təkcə Azərbaycan şirkətləri deyil, dost və müttəfiq ölkələrin şirkətləri də fəal iştirak edirlər.

Türkiyə, Özbəkistan, Macarıstan, İtaliya və digər ölkələrin şirkətlərinin yaşayış məntəqələrinin tikintisi və müxtəlif infrastruktur layihələrində iştirakı yenidənqurma prosesinin sürətləndirilməsinə töhfə verir. Bu əməkdaşlıq həm ölkənin iqtisadi potensialının inkişafına, həm də insanların doğma yurdlarına qayıtdıqdan sonra təhlükəsiz, rahat və normal həyat şəraitində yaşamasına imkan yaradır.

Bütün bunlar Böyük Qayıdış prosesinin əsas tərkib hissələridir. Qarşıdakı dövrdə yeni yaşayış məntəqələrinin salınması və mövcud ərazilərin yenidən qurulması ilə daha çox insanın işğaldan azad edilmiş ərazilərdə məskunlaşması üçün imkanların genişlənəcəyi gözlənilir".