44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində Azərbaycan şəhər və kəndlərinin böyük hissəsi Ermənistanın 30 il davam edən işğalından azad edilib və ölkənin ərazi bütövlüyünün bərpası üçün əsas zəmin yaranıb.
SİA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında 27 Sentyabr – Anım Günü ilə bağlı çıxışı zamanı deyib.
O bildirib ki, 2023-cü ilin sentyabrında keçirilən birgünlük antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün təmin olunması prosesinin mühüm mərhələsini tamamlayıb. Bununla da Azərbaycanın suverenliyi tam bərpa edilib və Konstitusiyanın ölkənin bütün ərazisində hüquqi qüvvəsi təmin olunub.
Sahibə Qafarovanın sözlərinə görə, əldə olunan tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji siyasətin nəticəsi kimi qiymətləndirilir.
“Azərbaycan xalqı düşmən üzərində tarixi qələbələr qazandıran Müzəffər Ali Baş Komandana, rəşadətli əsgər və zabitlərimizə daim minnətdar olacaq”, – deyə Milli Məclisin sədri qeyd edib.