Tibbi Xidmət İdarəsində “Gömrük və səhiyyə işçilərinin etika və peşə davranışı standartları” mövzusunda tədbir keçirilib

29 Sentyabr 2026 16:38 (UTC+04:00)

28 sentyabr 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində “Gömrük və səhiyyə işçilərinin etika və peşə davranışı standartları” mövzusunda tədbir keçirilib. “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”nin tətbiq və təşviqinin, o cümlədən “2026-2030 Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin İnkişaf Strategiyası”nın müvafiq bəndlərinin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbir Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin və İnzibati İdarəetmənin Təşkili şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının Rəisi-Baş həkim Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin Xidməti Araşdırma Şöbəsinin böyük inspektoru Böyükağa Qasımov, o cümlədən şöbə rəisləri, həkimlər, rezidentlər, tibb bacıları və digər əməkdaşlar iştirak ediblər.
Təlimdə salamlama nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım gömrük və tibb sahəsində etik prinsiplərin tutduğu xüsusi mövqeyi diqqətə çatdırıb. O diqqətə çatdırıb ki, səhiyyə personalının peşəkar bacarıqları ilə yanaşı mənəvi-etik qaydalara riayət etməsi göstərilən xidmətin keyfiyyət göstəricisini birbaşa formalaşdırır.
Şahlar Mirqasım xüsusilə diqqətə çatdırıb ki, pasiyentlərlə ünsiyyətdə qarşılıqlı ehtiram, həssas yanaşma, açıqlıq və məxfilik əsas götürülməlidir. Onun fikrincə, tibb sahəsinin hər bir nümayəndəsi öz fəaliyyətində insanpərvərlik, ədalət və məsuliyyət meyarlarını əsas tutaraq vətəndaşların hüquqlarını ön plana çəkməlidir.
Şahlar Mirqasım əlavə edib ki, etik davranış prinsipləri fərdi öhdəliklə yanaşı, qurumun ümumi iş mədəniyyətinin ayrılmaz hissəsidir. Təşkil olunan bu cür maarifləndirici görüşlər heyətin nəzəri biliklərini zənginləşdirməyə və göstərilən xidmətlərin səviyyəsini daha da yüksəltməyə yönəlib.
Daha sonra Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin Xidməti Araşdırma Şöbəsinin böyük inspektoru Böyükağa Qasımov çıxış edərək Komitə səviyyəsində nəzarət sisteminin qurulması, etik qayda pozuntularının qarşısının alınması və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə detallı məlumat verib.
Tədbirin davamında Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin inspektoru Lamiyə Abdinova “Gömrük əməkdaşlarının etik davranış qaydaları və inzibati nəzarət” və Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Tibb işçilərinin etik davranış qaydaları: Tibbi etika və deontologiya” mövzusunda çıxış ediblər.
Diskussiya formatında davam edən tədbirdə iştirakçıların sualları ətraflı cavablandırılıb, təcrübədə rast gəlinən müxtəlif hallar üzrə fikir mübadiləsi aparılıb.