YAP nümayəndələri Belarusda keçirilən beynəlxalq təhsil layihəsində iştirak ediblər

29 Sentyabr 2026 16:08 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvü Anastasiya Lavrina və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi Cavid Yusubov Belarusun “Belaya Rus” Partiyasının “İskra” gənclər hərəkatının və Belarus Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə Minsk şəhərində keçirilən “Modul” beynəlxalq təhsil layihəsində iştirak etmək məqsədi ilə 24-27 sentyabr tarixlərində bu ölkədə səfərdə olublar.

12 ölkədən gənclər təşkilatlarını və siyasi partiyaları təmsil edən 80-ə yaxın nümayəndənin qatıldığı tədbir iştirakçılarını sentyabrın 24-də Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova qəbul edib.

Sentyabrın 25-də əvvəlcə Qələbə Abidəsi ziyarət edilib. Daha sonra “Belaya Rus” Partiyasının sədri Olqa Çemodanovanın iştirakı ilə Minsk şəhər bələdiyyəsində keçirilən “Modul” beynəlxalq təhsil layihəsi çərçivəsində partiya quruculuğu, müasir kommunikasiya və beynəlxalq əməkdaşlıq məsələlərinə həsr olunmuş mühazirələr, müzakirələr və praktiki məşğələlər baş tutub.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina Yeni Azərbaycan Partiyasının yaranma tarixi, müstəqil Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmləndirilməsində rolu, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti, eləcə də Azərbaycanın müasir dövrdə əldə etdiyi nailiyyətlərdən bəhs edib. Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayan A.Lavrina qeyd edib ki, Ulu Öndər ölkəmizin son dərəcə mürəkkəb dövründə Azərbaycan xalqını öz ətrafında birləşdirməyə, siyasi sabitliyi təmin etməyə və müasir Azərbaycan dövlətçiliyinin möhkəm təməlini qoymağa nail olub: “Məhz Heydər Əliyev Azərbaycanda dövlət gənclər siyasətinin əsasını qoyaraq gəncləri ölkənin inkişafının ən mühüm hərəkətverici qüvvələrindən biri kimi müəyyənləşdirib. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev dövlət gənclər siyasətinə ölkənin müasir inkişaf mərhələsinin çağırışlarına və strateji hədəflərinə uyğun yeni məzmun qazandırıb. Bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, beynəlxalq platformalarda Azərbaycanı təmsil edir və dövlətimizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə öz töhfələrini verirlər”.

A.Lavrina YAP Gənclər Birliyinin fəaliyyəti, gənc nəslin liderlik keyfiyyətlərinin inkişaf etdirilməsi, ictimai-siyasi fəallığının artırılması, milli-mənəvi dəyərlərin qorunması və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən işlər barədə məlumat verib, “Belaya Rus” Partiyası ilə əməkdaşlığın inkişafı, iki ölkənin gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Çıxışda həmçinin, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyi, əhalinin işğaldan azad edilmiş ərazilərə qayıdışı, eləcə də regionda sülh, nəqliyyat bağlantıları və iqtisadi əməkdaşlıq üçün yeni imkanların yarandığı diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən DİA-nın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi Cavid Yusubov müasir dövrdə partiyalararası əməkdaşlığın sırf siyasi məsləhətləşmələr çərçivəsindən çıxaraq humanitar qarşılıqlı fəaliyyət, davamlı inkişafa dair ortaq yanaşmalar, mədəni əlaqələr və yeni nəsil idarəetmə kadrlarının hazırlanması istiqamətləri üzrə genişləndiyini qeyd edib. Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin dayaq institutları kimi çıxış edən siyasi partiyalar öz ölkəsinin sabitliyi, suverenliyi və xalqın rifahı üçün ümumi məsuliyyət daşıyırlar. Partiya və dövlət proqramlarının uğurla həyata keçirilməsi isə bilavasitə onları icra edən şəxslərdən – yüksək ixtisaslı dövlət xadimlərindən, analitiklərdən və idarəçilərdən asılıdır. Onun sözlərinə görə, məhz bu məqamda siyasətin və elmin vəzifələri kəsişir: “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası onilliklər ərzində ölkəmiz üçün idarəetmə kadrlarının yetişdirildiyi əsas təhsil və elm mərkəzlərindən biri olmuşdur. Biz dövlət maraqlarına dərin sədaqəti, peşəkarlığı və XXI əsrin mürəkkəb çağırışlarına cavab vermək bacarığını özündə birləşdirən mütəxəssislər hazırlayırıq”.

C.Yusubov Azərbaycan-Belarus əlaqələrinin yüksələn xətlə inkişafı fonunda iki ölkənin müvafiq idarəçilik akademiyaları arasında əməkdaşlığın əhəmiyyətindən də bəhs edib: “Bizi Belarus Respublikası Prezidentinin yanında İdarəçilik Akademiyası ilə uzun illərə söykənən, zamanın sınağından çıxmış tərəfdaşlıq münasibətləri birləşdirir. Ali təhsil müəssisələrimiz dövlətlərimiz üçün eyni dərəcədə mühüm strateji missiyanı yerinə yetirirlər: dövlət qulluğunun intellektual potensialını formalaşdırırıq. Elmi dialoqumuzun yüksək səviyyəsinin parlaq və rəmzi təsdiqi Akademiyamızın rektorunun elmi məqaləsinin Belarus Respublikası Prezidentinin yanında İdarəçilik Akademiyasının yubiley elmi-praktik jurnalında dərc edilməsi olmuşdur. Bu fakt rəhbərlərimizin ekspert rəylərinə göstərilən dərin qarşılıqlı hörməti əks etdirməklə yanaşı, dövlət idarəçiliyinin nəzəriyyə və təcrübəsinin inkişafına verdiyimiz ümumi akademik töhfənin də etirafıdır”.

O, çıxışında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Belarus Respublikası Prezidentinin yanında İdarəçilik Akademiyası arasında imzalanmış Əməkdaşlıq Memorandumunun yenilənməsi təklifini səsləndirib: “Mövcud Əməkdaşlıq Memorandumunun yenilənməsi dövlət idarəçiliyi sahəsində ortaq təhsil və tədqiqat proqramlarının həyata keçirilməsi, gənc alimlər, müəllimlər, dövlət qulluqçuları və fəal partiya gəncləri üçün təcrübə proqramlarının təşkili, birgə ekspert-analitik platformaların yaradılması istiqamətləri üzrə gələcəyə yönəlmiş daha geniş əməkdaşlığın əsasını qoyan praktiki addım ola bilər”.

“Modul” təhsil layihəsi çərçivəsində iştirakçıların “Belaya Rus” partiyasının Minsk şəhər təşkilatının Lenin rayon şöbəsini, Belarus Dövlət Böyük Vətən Müharibəsi Tarixi Muzeyini, Minsk Şəhər Texnoparkını, Fövqəladə Hallar Nazirliyinin Təhsil Mərkəzini, Belarus Milli Kitabxanasını, “Böyük Sula Knyazlığı” orta əsrlər tarixi parkını və dini müqəddəslərin xatirəsinə ucaldılmış məbəd-abidəni ziyarəti də təşkil olunub.