"Türk Dövlətləri Təşkilatı gələcəkdə kollektiv müdafiə mexanizminə çevrilə bilər” - POLİTOLOQ

29 Sentyabr 2026 13:20 (UTC+04:00)

"Türk dövlətləri ərazisində əməkdaşlığın genişlənməsi, dərinləşməsi və möhkəmlənməsi hərbi təhlükəsizlik məsələlərində də müəyyən addımların atılmasına təsir göstərə bilər. Son zamanlar, xüsusilə Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Türkiyə ilə Azərbaycan arasında keçirilən müxtəlif yönlü hərbi təlimləri bu prosesin təməli kimi dəyərləndirmək olar". Bu sözləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə götə, bu günlərdə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə keçirdiyi təlim də Türk Dövlətləri Təşkilatı daxilində hərbi sahədə əməkdaşlığın inkişafına nümunə ola bilər: "Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının iqtisadi, mədəni, siyasi və ictimai maraqları uyğunlaşdıqca, hərbi müdafiə və təhlükəsizlik sahələrində də əməkdaşlığın genişlənməsi mümkündür. Bu isə gələcəkdə təşkilatın kollektiv təhlükəsizlik və müdafiə ilə bağlı müəyyən mexanizmə çevrilməsinə şərait yarada bilər.

Hadisələr göstərir ki, təhlükəsizliyin təmin olunmasında və müdafiə məsələlərində regional dövlətlərin birlik nümayiş etdirmədikləri halda arzuedilməz vəziyyət yarana bilir. Belə şərait həm də qlobal təhlükəsizliyin və əməkdaşlığın təminini çətinləşdirir. Deməli, TDT-yə üzv ölkələrin təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı, onu genişləndirməsi həm də qlobal əhəmiyyət daşıyır. Bu, ölkələrin ərazisinə kənar müdaxilələrin qarşısını almaqda, terrora, başqa belə cinayətlərə qarşı birgə mübarizədə də tələb olunan şərtlərdəndir.

Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin payızında Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələ şəhərində keçirilən 12-ci Zirvə Görüşündə təhlükəsizliyin təmin olunmasında əməkdaşlıqla bağlı məsələdən də bəhs edib. Dövlət başçısı qurumun işlək orqan kimi fəaliyyətinin gücləndirilməsi və təşkilat işinə dəstək məqsədilə Azərbaycanın TDT Katibliyinin hesabına iki milyon dollar məbləğində ianə köçürdüyünü bildirib.

O, daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensialını nəzərdə alaraq TDT-nin qlobal arenada vacib aktora çevirdiyini də vurğulamışdı.

Azərbaycan Prezidenti bu çərçivədə Türkiyə ilə dərin əməkdaşlığın mövcudluğunu vurğulayaraq 2024-2026-cı illərdə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirildiyini xatırlamışdı.

İlham Əliyev bir il öncə , TDT ölkələri arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etmişdi. Çünki hərbi güc olmadan dövlətin müstəqilliyi və təhlükəsizliyinin təmini mümkünsüzdür. Bu sahədə TDT ölkələrinin fəaliyyətinin birləşməsi xarici təhdidlərin qarşısının alınmasında mühüm sayılar.

Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad etmiş dövlətdir. Dövlətimiz və dövlətçiliyimiz davamlı olaraq təhdid və yabanı, çeşidli ideoloji fikirlərin təzyiqləri ilə üzləşir. Türkiyə də davamlı olaraq terror təhlükəsi, ərazi bütövlüyü və suverenliyinin təhdidi ilə mübarizə aparır. Cümhuriyyət "Terrorsuz Türkiyə" təşəbbüsü ilə terroru tamamilə bitirmək, milli həmrəyliyi və sosial inteqrasiyanı gücləndirmək məqsədi daşıyan tarixi siyasi və hüquqi prosesi başladıb. Ölkə parlamentində "Milli həmrəyliyin və sosial inteqrasiyanın gücləndirilməsi haqqında" 12 maddəlik qanun layihəsi qüvvəyə minib".