"Azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesi genişlənir" - POLİTOLOQ

29 Sentyabr 2026 11:09 (UTC+04:00)

"Böyük Qayıdış Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi əsas dövlət proqramlarından biridir və onun mahiyyəti yalnız keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması ilə məhdudlaşmır".

Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, proses azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin yenidən qurulmasını, yol, enerji və kommunal infrastrukturun yaradılmasını, məktəb, xəstəxana və digər sosial obyektlərin fəaliyyətə başlamasını, eyni zamanda iqtisadi həyatın bərpasını əhatə edir:

"2026-cı ildə də köç prosesi Ağdam, Xocalı, Xocavənd, Cəbrayıl, Ağdərə, Xankəndi və digər istiqamətlər üzrə mərhələli şəkildə davam etdirilir. Məsələn, təkcə sentyabrın 1-də Ağdam şəhərinə 117 ailə - 362 nəfər köçürülüb.

Böyük Qayıdışın uzunmüddətli əhəmiyyəti isə Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı yaşayış və iqtisadi fəaliyyət məkanına çevrilməsi ilə bağlıdır. Burada əsas məsələ insanların sadəcə evlə təmin olunması deyil, onların daimi yaşayışı üçün iş yerlərinin, təhsil və səhiyyə xidmətlərinin, nəqliyyat imkanlarının və normal sosial mühitin formalaşdırılmasıdır. Bu baxımdan qayıdışın davamlılığı yeni yaşayış məntəqələrinin iqtisadi potensialının nə dərəcədə reallaşdırılmasından da asılı olacaq. Proses genişləndikcə azad edilmiş ərazilərin ölkənin ümumi sosial-iqtisadi sisteminə inteqrasiyası da dərinləşir və bu, müharibədən sonrakı bərpa mərhələsinin əsas istiqamətlərindən birini təşkil edir".