Dünya Bankı Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin ən böyük dövlət nəqliyyat şirkətlərinin iştirakı ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) – Orta Dəhliz üzrə konteyner daşımalarının koordinasiyasını həyata keçirəcək birgə aktivsiz müəssisənin yaradılmasını təklif edir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Dünya Bankının “İnteqrasiya: Transxəzər nəqliyyat marşrutu boyunca yüksək səviyyəli ticarət logistikası” adlı hesabatında qeyd olunub.
Hesabata əsasən, belə bir operator əsas milli dəmir yolu daşıyıcılarına və gəmiçilik şirkətlərinə məxsus olmalı, lakin vahid logistika provayderi kimi fəaliyyət göstərməlidir.
Təklif olunan operatorun əsas funksiyalarına birbaşa tariflərin formalaşdırılması, marşrutların optimallaşdırılması, dispetçer idarəetməsinin təşkili, əməliyyat zamanı yaranan insidentlərə operativ reaksiya verilməsi, eləcə də yüklərin göndərilmə və təyinat məntəqələrində – Çin və Avropa İttifaqında fəaliyyət göstərən beynəlxalq logistika şirkətləri ilə inteqrasiyanın təmin edilməsi daxildir.
Dünya Bankının qiymətləndirməsinə görə, yaxın perspektivdə Orta Dəhlizin inkişafı üçün əsas məhdudlaşdırıcı amil infrastruktur imkanlarının çatışmazlığı deyil, dövlət nəqliyyat müəssisələrinə (SOE) xas olan aşağı xidmət səviyyəsi və institusional maneələr olacaq.
Hesabatda bildirilib ki, regionun dəmir yolu operatorları müxtəlif inkişaf mərhələlərindədir.
Qazaxıstanın “Qazaxıstan Dəmir Yolu” şirkəti 16 min kilometr uzunluğunda ən böyük dəmir yolu şəbəkəsini idarə edir. Şirkətin yük dövriyyəsi 303 milyon ton təşkil edir. Dünya Bankı qeyd edir ki, bu operator aktivlərdən istifadənin yüksək səviyyəsi və kommersiya maliyyələşdirmə modellərinə keçid istiqamətində addımları ilə seçilir.
“Gürcüstan Dəmir Yolu” şirkəti isə daha kiçik fəaliyyət miqyasına baxmayaraq, korporativ idarəetmə və maliyyə təcrübələri baxımından daha yetkin operator kimi qiymətləndirilir. Şirkətin idarə etdiyi şəbəkənin uzunluğu 1,4 min kilometr, yük dövriyyəsi isə 13,7 milyon ton təşkil edir.
Hesabatda qeyd olunub ki, Özbəkistan və Azərbaycan dəmir yolları Orta Dəhlizin əsas tranzit həlqələri rolunu oynayır.
Belə ki, Özbəkistan dəmir yollarının şəbəkəsi 6,1 min kilometr, yük dövriyyəsi 103 milyon ton təşkil edir. Azərbaycanın dəmir yolu şəbəkəsinin uzunluğu isə 2,1 min kilometr, yük dövriyyəsi 18,5 milyon ton səviyyəsindədir.
Dünya Bankı bildirib ki, Azərbaycan və Özbəkistanda tarif siyasəti və idarəetmə sahəsində sistemli dəyişikliklər həyata keçirilir.
Türkiyənin TCDD şirkəti 13 min kilometrlik şaxələndirilmiş dəmir yolu şəbəkəsinə malikdir. Şirkətin fəaliyyəti əsasən sərnişin daşımalarına yönəldiyi üçün yük daşımalarının həcmi 26 milyon ton təşkil edir.
Dünya Bankı həmçinin Orta Dəhlizin səmərəliliyinin artırılması üçün tarif sistemlərində islahatların aparılmasını tövsiyə edib.
Qurum real xidmət xərclərinə (cost-to-serve) əsaslanan qiymətqoyma modelinə keçidi, ictimai xidmət öhdəliklərinin (PSO) icrası üzrə uzunmüddətli müqavilələrin tətbiqini və nəqliyyat müəssisələrinin bank kredit qabiliyyətinin (bankability) təmin edilməsi üçün kommersiya maliyyələşdirilməsinin cəlb olunmasını vacib hesab edir.