...Ey gidi dünya!
Deyim ki, bu məsələ ilə bağlı oxuduqlarım mənə Mirzə Ələkbər Sabirin o məhşur şeirindəki “Bəxti-mənhusimə bax, mən bu təmənnada ikən. Başladı şişməyə indi üzü qarə ciyərim” misralarını xatırlatdı.
Yəni demək istəyirəm ki, rusların belə bir “ağır günündə” onların milli simvol saydıqları ayı da onlara “bivəfa” çıxıb. Və deyilənlərə görə, o gündən bəri rus ayıları xeyli sayda rusu basıb yeyib,..yox hələ ki, qanına qəltan edib.
Axı ayılar “sveji” əti xoşlamırlar. Ətin iylənib ayı üçün yemək halına gəlməsi də xeyli vaxt tələb edir və...
Əşi, gəlin, uzatmayaq...
...Və beləliklə, Rusiya əsas milli simvolu olan ayı ilə bağlı gözlənilməz və yüksək dərəcədə simvolik bir problemlə üzləşir.
SİA-nın əldə etdiyi məlumata görə, "Neue Zürcher Zeitung" qəzeti xəbər verir ki, Rusiya bölgələrində insanlara qarşı ayı hücumlarının kəskin artması müşahidə olunur.
Kremlin illərdir güc, qüdrət və "tayqa ağası" simvolu kimi istifadə etdiyi bu heyvan getdikcə Sibir və Uzaq Şərq sakinləri üçün siyasi simvola deyil, real təhlükəyə çevrilir.
…Diqqətlə qurulmuş dövlət mifi sözün əsl mənasında yaradıcılarını yeməyə başlayır. Onilliklərdir ki, rəsmi təbliğat və pop mədəniyyəti rus ayısının obrazını güclü, lakin ədalətli bir müdafiəçi kimi romantikləşdirib, Rusiyanın özünü təcəssüm etdirib. Əslində, bu simvol insanları "biz" və "onlar"a bölməyən idarəolunmaz, ideoloji cəhətdən həssas olmayan və ölümcül bir qüvvə olduğunu sübut edib, - deyə jurnalistlər qeyd edirlər.
Xatırladaq ki, ayı Rusiya siyasi simvolizmində xüsusi yer tutur. O, “Vahid Rusiya” emblemi üzərində görünür və Vladimir Putin dəfələrlə ayı obrazını Rusiya üçün metafora kimi istifadə edib.
Valday Forumunda o, ayını "tayqanın ağası" adlandırıb və onun meşəsini heç vaxt heç kimə verməyəcəyini bildirib. Lakin təbliğat obrazlarından kənarda vəziyyət fərqlidir.
NZZ-yə görə, Rusiyada insanlara ayı hücumları daha tez-tez baş verib və bəzi bölgələrdə hakimiyyət orqanları artıq meşələri bağlamağa, məhdudiyyətlər qoymağa və heyvanların məhv edilməsi üçün pul ödəməyə məcburdurlar.
Deməli, Aleksandr Kuzmenko altı nəfərlik qrupla Moskvadan Yenisey çayına balıq ovu üçün səyahət ediblər. Onlar təcrid olunmuş ərazidə düşərgə salıblar, lakin bir neçə saat sonra peyk telefonu vasitəsilə kömək çağırmağa məcbur olublar. Niyə?
Çünki “qadasın aldığım” rus ayısı meşədən şıxaraq onlara hücum edib. Kuzmenko ağır yaralanıb və bir neçə saat sonra vaxtında kömək almadığına görə ölüb.
Rusiya mediasının məlumatına görə, təkcə bu il Sibirdə və Uzaq Şərqdə ayı hücumlarından ən azı 16 nəfər ölüb. Qurbanlar arasında göbələk yığan yaşlı qadınlar, giləmeyvə yığan kişilər, nişanlısı ilə düşərgə quran gənc qadın, itmiş inəyini axtaran fermer və fermerin özünü axtarmağa gedən qonşular da var.
Bioloqlar hücumların artmasını sentyabr ayında qış yuxusundan əvvəl aktiv şəkildə qida axtaran ayılarla əlaqələndirirlər.
Quru yaz səbəbindən vəhşi təbiətdə daha az göbələk, giləmeyvə və bitki olub. Buna görə də heyvanların qida tapılması daha asan olan yerlərdə, məsələn, zibil qablarının yaxınlığında insanlara yaxınlaşma ehtimalı daha yüksəkdir. Yerli hakimiyyət orqanları məhdudiyyətlərlə cavab verir.
Bəzi ərazilərdə fövqəladə vəziyyət elan edildi, meşələr bağlandı, komendant saatı tətbiq edildi və tədbirlər ləğv edildi. Buryatiyada bir məktəb məsafə rejiminə keçib.
Lakin bu tədbirlər əsas problemi həll etmir.
Rusiya Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ölkədə qəhvəyi ayı populyasiyası artır: 2026-cı ildə onların sayı 300.000-dən bir qədər çox olacaq, 1990-cı ildə isə bu rəqəm təxminən 130.000 idi. Göstərilən səbəblərdən biri də bir çox bölgələrdə ov kvotalarına əməl edilməməsidir.
Əli Babayev