"Azərbaycan Prezidentinin dağ-mədən və metallurgiya sənayesinin inkişafına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər ölkənin növbəti iqtisadi inkişaf perspektivlərinə dair mühüm mesajlar verdi".
Bu sözləri SİA-ya açıqlmasında politoloq Zeynal Əmrəliyev deyib.

O bildirib ki, bu siyasət iqtisadiyyatın şaxələndirilməsinə və iqtisadi inkişafın daha möhkəm təməllər üzərində qurulmasına əhəmiyyətli töhfə verə bilər:
"Burada söhbət yalnız yeraltı sərvətlərin hasilatından getmir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı həm də qeyri-neft sektoruna investisiyaların artırılması və yeni istehsal sahələrinin yaradılması baxımından əhəmiyyətlidir. Hazırda bu sahə dünya miqyasında da diqqət mərkəzindədir və aparıcı şirkətlərin maraq göstərdiyi istiqamətlərdən biridir.
Azərbaycanın da dağ-mədən sənayəsində müəyyən tarixi təcrübəsi var. Vaxtilə Siemens qardaşları və Nobel qardaşları kimi tanınmış xarici şirkət və sahibkarların Azərbaycanda fəaliyyət göstərməsi ölkənin bu sahədə zəngin təcrübəyə malik olduğunu göstərir.
Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin gələcəkdə daha da inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Prezidentin Balakən rayonunda yerləşən Filizçay polimetal yatağı ilə bağlı səsləndirdiyi fikirlər də bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Yatağın fəaliyyətə başlaması regionun iqtisadi fəallığının artmasına və yeni layihələrin həyata keçirilməsinə imkan yarada bilər.
Xüsusilə Azərbaycanın şimal-qərb regionunda yeni layihələrin icrası iqtisadi canlanma baxımından mühüm rol oynayacaq. Bu proses yalnız sənaye və iqtisadi inkişafla məhdudlaşmayaraq, paralel şəkildə turizm sektorunun da inkişafına və regionların iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılmasına şərait yarada bilər. Ümumilikdə, həyata keçirilən siyasətin Azərbaycan iqtisadiyyatına uzunmüddətli perspektivdə töhfə verəcəyi gözlənilir".