Mal ətinin son günlər bahalaşmasının səbəbi nədir? -EKSPERT DANIŞDI

28 Sentyabr 2026 13:19 (UTC+04:00)

“Son günlər mal ətinin qiymətində müşahidə olunan artımın əsas səbəblərindən biri daxili bazarda təklifin azalmasıdır”.

SİA xəbər verir ki, bunu Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, yem və ot qiymətlərinin yüksəlməsi, heyvan saxlama xərclərinin artması və mal-qaranın sayının azalması ət bazarına təsir göstərən əsas amillərdəndir:

“Yayın sonu və payızın əvvəllərində otlaq imkanlarının azalması fermerləri əlavə yem almağa məcbur edir. Yem və digər xərclərin artması heyvanın maya dəyərini yüksəldir. Eyni zamanda, heyvanların saxlanmasının əvvəlki qədər gəlirli olmaması təsərrüfatların mal-qaranın sayını azaltmasına gətirib çıxarır. Təklif azaldıqca, tələbat sabit qaldığı halda qiymətə təzyiq artır”, - deyə ekspert qeyd edib.

Akif Nəsirli bildirib ki, son günlər Bakıda sümüklü mal ətinin 18 manatdan 19 manata, sümüksüz ətin isə 23 manatdan 25 manata yüksəldiyi barədə məlumatlar yayılıb.

O qeyd edib ki, qiymət artımı yalnız son bir neçə günlə məhdudlaşmır. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin iyul və avqust aylarında mal ətinin qiymətində əvvəlki aylarla müqayisədə artım qeydə alınıb. Avqust ayında ümumi ərzaq qiymətləri aylıq 0,3 faiz, illik isə 7,2 faiz yüksəlib.

Ekspertin sözlərinə görə, yaxın müddətdə mal ətinin qiymətinin əvvəlki səviyyəyə qayıtması üçün əsas şərt bazarda təklifin artmasıdır.

“Əgər yem və heyvandarlıq xərcləri yüksək olaraq qalarsa, mal-qaranın sayında azalma davam edərsə və bazara kifayət qədər məhsul çıxmazsa, qiymətlərdə artım təzyiqi də davam edə bilər. Bununla belə, hazırkı 1-2 manatlıq artımın hamısının davamlı olacağını demək düzgün olmaz. Bazarda təklifin vəziyyəti və Kənd Təsərrüfatı Nazirliyinin araşdırmasının nəticələri də nəzərə alınmalıdır”, - deyə Akif Nəsirli vurğulayıb.