Azərbaycanın formalaşdırdığı iqtisadi inkişaf modelində növbəti mərhələnin əsas istiqamətləri artıq daha aydın şəkildə müəyyən edilir. Sentyabrın 26-da Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirildi və tədbir çərçivəsində Prezident İlham Əliyevçıxış etdi. Dövlətimizin başçısı çıxışında mövcud iqtisadi göstəricilərin təqdimatını etməkləyanaşı, Azərbaycanın qarşıdakı dövr üçün investisiya və inkişaf prioritetlərinin sistemli şəkildə ifadə etdi.“Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə səsləndirilən fikirlər Azərbaycanın özünü enerji resursları ilə məhdudlaşmayan, nəqliyyat, yaşıl enerji, rəqəmsal texnologiyalar, süni intellekt və insan kapitalı sahələrində regional mərkəz kimi mövqeləndirmək niyyətini ortaya qoydu.
Dövlət başçımızın çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın gələcək iqtisadi inkişafını əvvəlki illərdə yaradılmış sabitlik və infrastruktur bazası üzərində qurmaq yanaşmasıdır.Belə ki, son iki onillik ərzində yaradılmış maliyyə və iqtisadi imkanlar ölkəyə yeni mərhələyə keçid üçün baza formalaşdırıb.Bu mərhələdə əsas məsələ əldə olunan imkanların daha yüksək əlavə dəyər yaradan sahələrə yönəldilməsi və iqtisadi artımın daha çox şaxələndirilməsidir.
Bu baxımdan Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri neft-qaz sektorunun iqtisadiyyatda rolunu qorumaqla yanaşı, qeyri-neft sektorunun ixrac və investisiya potensialını genişləndirməkdir.Cənab prezident çıxışında qeyd etdi ki, ÜDM-in 70 faizindən çoxu artıq qeyri-neft sektorunun payına düşsə də, ixrac strukturunda neft və qazın payı hələ də 90 faizdən yüksəkdir. Bu göstəricilər iqtisadi diversifikasiyanın qarşıdakı mərhələdə yalnız daxili istehsalın artırılması deyil, həm də ixrac strukturunun dəyişdirilməsi baxımından əhəmiyyət daşıdığını göstərir.
Dövlət başçımız Azərbaycanın enerji siyasətinin gələcək istiqamətlərindən də geniş şəkildə danışdı. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, enerji gündəliyi yalnız neft və qaz hasilatının artırılması ilə məhdudlaşdırılmır.Əksinə, ənənəvi enerji resursları ilə bərpaolunan enerji potensialının paralel inkişafı vahid iqtisadi strategiyanın elementləridir.
Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizinin ölkəyə aid sektorunda 157 giqavatlıq enerji potensialına malik olduğunu bildirib.Quruda günəş və külək elektrik stansiyalarının inkişafı, yeni ötürücü xətlərin inşası və mövcud şəbəkənin genişləndirilməsi isə Azərbaycanın gələcəkdə elektrik enerjisinin həm daxili tələbatın ödənilməsində, həm də ixracda daha böyük rol oynamasına hesablanır.
Bununla belə, Azərbaycanın enerji potensialı rəqəmsal iqtisadiyyatın inkişafı ilə əlaqələndirilir.Cənab prezident süni intellekt və data mərkəzlərinin artan enerji tələbatını yeni investisiya istiqaməti olduğunu qeyd etdi.Beləliklə, enerji infrastrukturu artıq yalnız enerji ixracının deyil, yeni texnoloji iqtisadiyyatın inkişafının da bazasıdır.Eyni zamanda, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji sektorunda bir sıra mühüm sənədlərin mübadiləsi edilib. Bunlar arasında SOCAR, XRG və “TotalEnergies” arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı, SOCAR ilə “ExxonMobil” arasında Orta Kür hövzəsində qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi xüsusi yer tutur.
Bu isə bir tərəfdən Azərbaycanın ənənəvi enerji sektorunun hələ uzun müddət investisiya gündəliyində mühüm yer tutacağını göstərir, digər tərəfdən isə ölkənin paralel olaraq yeni enerji və texnologiya sahələrinə keçidi sürətləndirmək niyyətini nümayiş etdirir.
Dövlət başçımızın çıxışının digər mühüm istiqaməti Azərbaycanın nəqliyyat və logistika imkanları ilə bağlı oldu.Nəqliyyat infrastrukturu artıq sadəcə iqtisadi layihə kimi deyil, ölkənin regional geoiqtisadi mövqeyinin mühüm komponenti hesab edilir.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəmizə qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər fonunda əlavə imkanlar yaradır.Cənab prezidentin açıqlamasına görə, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 2026-cı ildə 16 milyon tona çatacağı, 2030-cu ilədək isə hər iki istiqamətdə daşımaların həcminin 25 milyon tona və daha yüksək səviyyəyə çatdırılmasının hədəfləndiyi bildirilib.
Bu yanaşmada Azərbaycanın coğrafi mövqeyi ilə yaradılmış infrastrukturun bir-birini tamamlaması əsas xətti təşkil edir.Dəmir yolları, dəniz limanı, hava yükdaşımaları, avtomobil yolları və bərə imkanları ilə yanaşı, gömrük və rəqəmsal idarəetmənin təkmilləşdirilməsi də tranzit imkanlarının artırılmasının mühüm şərtləridir.
Başqa sözlə, Azərbaycan üçün növbəti mərhələnin məqsədi yüklərin daha sürətli, təhlükəsiz və rəqəmsal şəkildə idarə olunduğu inteqrasiya olunmuş logistika məkanı formalaşdırmaqdır.
Bu baxımdan Mərkəzi Asiya ilə əlaqələr də ayrıca əhəmiyyət daşıyır.Cənab prezidentin də vurğuladığı kimi, Azərbaycan siyasi, iqtisadi və nəqliyyat baxımından böyük Mərkəzi Asiya regionunun bir hissəsi kimi çıxış edir.Bu yanaşma Azərbaycanın coğrafi yerləşməsinə ənənəvi baxışdan daha geniş geoiqtisadi çərçivə təqdim edir.Belə ki, dövlətimiz Xəzər üzərindən Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında bağlantı imkanları genişləndirməkdədir.
Dövlət başçımız ənənəvi iqtisadi sahələrlə yanaşı, Azərbaycanın gələcək inkişafının texnologiya və rəqəmsal transformasiya üzərində qurulması istiqamətində də mühüm mesajlar səsləndirdi.
Süni intellekt, data mərkəzləri, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik və fiber-optik bağlantılar ölkənin yeni investisiya gündəliyinin əsas elementləri sırasındadır.
Azərbaycanın 2025–2028-ci illər üçün süni intellekt strategiyasının təsdiq edilməsi və forum çərçivəsində texnologiya şirkətləri ilə görüşlərin keçirilməsi də bu istiqamətin dövlət siyasətində ayrıca yer tutduğunu göstəricisidir.
Forum çərçivəsində SOCAR ilə “Oracle” arasında Oracle Alloy Agreement üzrə sənədin mübadilə edilməsi də enerji şirkətinin fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi baxımından diqqət çəkən addımlardandır.
Çıxışın mühüm məqamlarından biri də insan kapitalına verilən önəmdir.Dövlət başçımızın fikrincə, texnologiyanı və maliyyə resurslarını əldə etmək mümkün olsa da, peşəkar və ixtisaslı kadrların hazırlanması uzunmüddətli inkişafın əsas şərtlərindən biridir.
Bu kontekstdə xaricdə təhsil proqramları, Kibertəhlükəsizlik Mərkəzi, təhsil və kadr hazırlığı ilə bağlı görülən işlər xüsusi qeyd olunub.Azərbaycanın neft-qaz sektorunda son onilliklər ərzində yerli mütəxəssislərin rolunun artması isə insan kapitalının formalaşdırılmasına dair nümunədir.
Bu yanaşma gələcək investisiyaların yalnız maliyyə və texnologiya gətirən layihələr kimi deyil, həm də bilik və təcrübə transferi yaradan mexanizm kimi qiymətləndirildiyini göstərir.Xarici investor üçün ölkəyə daxil olmaqla yanaşı, yerli insan kapitalı ilə əməkdaşlıq və yeni bacarıqların formalaşdırılması da strateji əhəmiyyət kəsb edir.
İqtisadi şaxələndirmə çərçivəsində kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi də ayrıca istiqamət kimi diqqətə çatdırılıb.Su qıtlığı, quraqlıq və təchizat zəncirlərində mümkün pozuntuların yaratdığı risklər fonunda yerli istehsal imkanlarının genişləndirilməsi iqtisadi təhlükəsizliyin tərkib hissəsidir.
Mədənçilik də potensialı yüksək sahələrdən biri kimi qeyd edilib.Dövlət Proqramının qəbul olunması ilə bu sahədə yeni fəaliyyət və investisiya imkanlarının genişləndirilməsi nəzərdə tutulur.Beləliklə, Azərbaycanın iqtisadi gündəliyində enerji, logistika və rəqəmsal texnologiyalarla yanaşı, mineral resurslar, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi də mühüm yer tutur.
Cənab prezidentin çıxışında investisiya mühitinin əsas elementləri kimi siyasi və iqtisadi sabitlik, maliyyə dayanıqlılığı, proqnozlaşdırıla bilənlik, infrastruktur və təhlükəsizlik ön plana çıxarılıb.Bu, investisiya siyasətinin yalnız ayrı-ayrı layihələrin cəlb edilməsindən ibarət olmadığını, uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulmasına yönəldiyini göstərir.
Forum çərçivəsində müxtəlif sahələri əhatə edən sənədlərin mübadiləsi bu yanaşmanın praktik tərəfini də nümayiş etdirib.Enerji ilə yanaşı, texnologiya, kənd təsərrüfatı, içkilər sənayesi, Ələt Azad İqtisadi Zonası və digər istiqamətlər üzrə sənədlər imzalanıb.
Bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın iqtisadiyyatının növbəti inkişaf mərhələsi üçün müxtəlif sektorları bir araya gətirən çoxtərəfli əməkdaşlıq platforması oldu.Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirləri ümumiləşdirdikdə Azərbaycanın qarşısında duran iqtisadi gündəliyin bir neçə əsas istiqamət üzrə formalaşdığı görünür.Enerji potensialının səmərəli istifadəsi, qeyri-neft sektorunun və ixracın şaxələndirilməsi, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, yaşıl enerjiyə keçid, rəqəmsal transformasiya, süni intellekt və data mərkəzləri, mədənçilik, ərzaq təhlükəsizliyi və insan kapitalının inkişafı bu istiqamətlərdəndir.
Bu istiqamətlər bir-birindən ayrı layihələr kimi deyil, bir-birini tamamlayan vahid iqtisadi ekosistemin elementləri kimi təqdim olunur. Enerji yeni sənaye və rəqəmsal imkanların bazasını formalaşdırır, nəqliyyat infrastrukturu Azərbaycanın regional bağlantı rolunu gücləndirir, rəqəmsallaşma tranzit və gömrük proseslərini sürətləndirir, insan kapitalı isə yeni texnologiyaların və investisiyaların iqtisadi dəyərə çevrilməsini təmin edir.
Nəticə etibarilə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirilən mesajların əsas xəttini Azərbaycanın özünü yalnız enerji resursları ixrac edən ölkə kimi deyil, enerji, logistika, texnologiya və investisiya axınlarının kəsişdiyi regional iqtisadi mərkəz kimi təqdim etmək strategiyası təşkil edir.Forum çərçivəsində imzalanmış çoxsaylı sənədlər də bu gündəliyin praktiki istiqamətlər üzrə genişləndiyini göstərir.
Qarşıdakı mərhələdə əsas məsələ mövcud imkanların yeni investisiyalara, yeni investisiyaların isə davamlı iqtisadi artıma və yüksək əlavə dəyər yaradan fəaliyyət sahələrinə çevrilməsidir.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini