"Təbii sərvətlərin qanunsuz istismarı beynəlxalq hüquqda araşdırılır" - POLİTOLOQ DANIŞDI

28 Sentyabr 2026 11:41 (UTC+04:00)

"Təbii sərvətlərin qanunsuz istismarı məsələsinin beynəlxalq hüquq baxımından araşdırılması bir neçə mühüm səbəbdən əhəmiyyət daşıyır. İlk növbədə, bu məsələ ərazi üzərində suverenlik və təbii sərvətlər üzərində dövlətin daimi suverenliyi prinsipləri ilə birbaşa bağlıdır".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, beynəlxalq humanitar hüquq işğal olunmuş ərazilərin təbii sərvətlərinin istifadəsinə məhdudiyyətlər qoyur. 1907-ci il IV Haaqa Konvensiyasına əlavə edilmiş “Haaqa Qaydaları”nın 55-ci maddəsinə əsasən, işğalçı dövlət işğal edilmiş ərazinin ictimai daşınmaz əmlakı üzərində mülkiyyətçi deyil və həmin əmlakın “kapitalını qorumaq” öhdəliyi daşıyır:

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin izahına görə, bu qayda təbii sərvətlərə də şamil olunmalıdır və onların istifadəsi ərazinin resurs bazasını tükəndirəcək və ya işğalçı dövlətin öz iqtisadi maraqlarına xidmət edəcək formada həyata keçirilməməlidir.
Bu məsələ xüsusilə mədən yataqları, meşələr, su ehtiyatları və digər təbii resursların istismarı baxımından aktualdır. 2024-cü ildə Beynəlxalq Ədalət Məhkəməsi də təbii sərvətlərin işğal olunmuş ərazidə istifadəsinin davamlı xarakter daşımaması, ətraf mühitə zərər vurmaması və işğalın məqsədləri üçün zəruri həddi aşmamasının vacibliyinə dair mövqe oprtaya qoyub. Bu yanaşma göstərir ki, resursların istismarında istismarın miqyası, məqsədi, iqtisadi faydanın kimə çatması və ətraf mühitə təsiri də hüquqi qiymətləndirmə predmetidir.

Digər mühüm aspekt sübutların sənədləşdirilməsidir. Keçmişdə həyata keçirilən qanunsuz mədənçilik və digər təbii sərvət fəaliyyətlərinin peyk görüntüləri, lisenziyalar, müqavilələr, şirkət sənədləri, ixrac məlumatları və ekoloji ekspertizalar əsasında araşdırılması gələcək hüquqi proseslər üçün faktoloji baza yarada bilər. Belə araşdırmalar mümkün maddi zərərin və ekoloji nəticələrin müəyyənləşdirilməsinə də imkan verir və Azərbaycanın müvafiq strukturları artıq bu istiqamətdə kifayət qədər sübut və dəlilə malikdirlər.

Ümumilikdə isə, məsələni beynəlxalq hüquq baxımından araşdırmaq Azərbaycanın suveren hüquqlarının, təbii sərvətlər üzərində hüquqlarının və ətraf mühitin qorunmasının hüquqi çərçivədə qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda belə araşdırma məsuliyyət məsələsinin obyektiv şəkildə müəyyənləşdirilməsi, zərərin sənədləşdirilməsi və gələcəkdə mümkün hüquqi, diplomatik və kompensasiya mexanizmlərinin əsaslandırılması üçün mühüm hüquqi və faktoloji baza formalaşdıra bilər".