Azərbaycan Banklar Assosiasiyasından SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, yeni yanaşma müştərilərin eyni bankda müxtəlif ödəniş kartı məhsullarından istifadə imkanını məhdudlaşdırmır.
Qeyd olunub ki, müştəri eyni bankda “Azal Miles”, digər debet və ya kredit ödəniş kartı məhsulları üzrə ayrıca kartlar əldə edə bilər. Yanaşma hər bir ödəniş kartı məhsulu üzrə ayrıca tətbiq edilir.
Bildirilib ki, eyni qayda həm milli, həm də xarici valyutada təqdim olunan ödəniş kartı məhsullarına şamil edilir. Belə ki, hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada 1 ödəniş kartı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş kartı əldə etmək mümkündür.
Assosiasiyadan bildirilib ki, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş kartlar, sahibkarlıq hesabına bağlı ödəniş kartları və depozit hesablarına bağlı ödəniş kartları bu yanaşmadan istisna edilir. Virtual ödəniş kartları isə müvafiq ödəniş kartı məhsulunun tərkib hissəsi hesab olunur.