"Dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft sektoruna mühüm töhfə verəcək" - MİLLƏT VƏKİLİ

28 Sentyabr 2026 10:43 (UTC+04:00)

“Dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycanın məqsədyönlü siyasəti konseptual səciyyə daşıyır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, Respublikamızda inkişaf prosesləri ilə əlaqədar nümunəvi ənənə formalaşıb: "Belə ki, ölkəmizdə ayrı-ayrı istiqamətlər üzrə qlobal çağırışlar, daxili potensial və cəmiyyətin sosial sifarişləri nəzərə alınmaqla çoxillik Dövlət proqramları qəbul edilir.

Genişmiqyaslı tədbirlər planına malik olan bu proqramların icrası, bir qayda olaraq, Prezident İlham Əliyevin şəxsi nəzarəti altında yüksək səviyyədə yerinə yetirilir.

Dövlət proqramları ölkənin sosial-iqtisadi inkişaf dinamikasına güclü şəkildə təsir göstərir. O cümlədən, son vaxtlarda Prezident İlham Əliyev tərəfindən təsdiqlənən müvafiq Dövlət proqramlarının ölkə iqtisadiyyatını gücləndirəcəyinə, vətəndaşların sosial vəziyyətini yaxşılaşdıracağına və müasir infrastruktur təminatına yeni təkan verəcəyinə böyük əminlik var. Mütəxəssislərin qənaəti belədir ki, qəbul edilmiş proqramlar qeyri-neft sahəsində artımı daimi və uzunmüddətli edəcək. Bu baxımdan, dağ-mədən və metallurgiya sənayesinin inkişafını hədəfləyən yeni Dövlət Proqramı xüsusi vurğulanmalıdır.

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair mühüm məsələlər müzakirə olundu. Dövlət başçısının vurğuladığı kimi, ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyan və olduqca perspektivli sahə hesab edilən dağ-mədən sənayesi gələcək iqtisadi inkişafın əsas təməllərini təşkil edir.

Nəzərə alaq ki, müasir qlobal iqtisadiyyat “yaşıl enerji”yə keçid, rəqəmsallaşma, yüksək texnologiyalı sənayenin sürətli inkişafı, təchizat zəncirlərinin yenidən formalaşması və iqtisadi təhlükəsizlik amillərinin güclənməsi ilə xarakterizə olunur. Bu proseslər qara, əlvan və qiymətli metalların, habelə strateji əhəmiyyətli mineralların qlobal iqtisadiyyat və sənaye üçün vacibliyini daha da artırır. Xüsusilə, bərpaolunan enerji mənbələri, elektrikli nəqliyyat, enerji saxlama sistemləri, yarımkeçiricilər, süni intellekt infrastrukturu və müdafiə sənayesinin inkişafı sözügedən resurslara qlobal tələbin uzunmüddətli artmasını şərtləndirən əsas amillərdən biridir.

Məhz bu reallıqlar fonunda dünya ölkələrinin sənaye siyasətində mineral ehtiyatların hasilatı ilə yanaşı, onların emalına və yüksək əlavə dəyər yaradan məhsulların istehsalına da diqqət artmışdır. Əlavə dəyər zəncirinin ölkə daxilində formalaşması, istehsalın rəqəmsallaşması, resurs və enerji səmərəliliyinin artırılması, aşağı karbon emissiyalı texnologiyalara keçid metallurgiya sənayesinin əsas inkişaf istiqamətlərinə çevrilib. Eyni zamanda, ölkəmizin enerji imkanları və nəqliyyat infrastrukturu bu prosesdə regionun sənaye mərkəzinə çevrilməyi şərtləndirir.

Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi əlaqəli sənaye sahələrinin də dayanıqlı inkişafı üçün əlverişli şərait yaradır. Bu baxımdan, ölkədə dağ-mədən və metallurgiya sənayesinin xammaldan son məhsula qədər dəyər zənciri üzrə inkişafının sürətləndirilməsi, mineral resurslardan səmərəli istifadə olunması və yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi, habelə metallurgiya məhsullarının ixrac potensialının artırılması məqsədilə əhatəli tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bunun üçün mineral ehtiyatların yenidən kəşfiyyatının aparılması, mövcud emal proseslərinin təkmilləşdirilməsi və daha yüksək emal səviyyəli məhsullar istehsalı infrastrukturlarının yaradılmasıdır.

Daşkəsən, Gədəbəy, Zəngilan, Ağdərə, Kəlbəcər, Naxçıvan və digər bölgələrdə mövcud və yeni ehtiyatları müəyyənləşdirməklə iqtisadi cəhətdən səmərəli olan yataqları mərhələli şəkildə sənaye dövriyyəsinə daxil etmək əsas hədəf prinsipləridir. Bununla yanaşı, Qərb Sənaye Parkının yaradılması dəmir filizi ehtiyatlarının emalını genişləndirməyə və metallurgiya sənayesində dəyər zəncirini genişləndirməyə imkan verir.

Dağ-mədən və metallurgiya sənayesinin sosial əhəmiyyəti də var. Bu sahənin inkişafı çoxsaylı iş yerlərinin açılmasını da şərtləndirir. Gözlənilir ki, təkcə 4 il ərzində beş mindən çox daimi iş yerləri açılacaq. Bütövlükdə isə həmin sənaye xəttinin davamlı olacağını nəzərə alsaq, növbəti illərdə iş yerlərinin sayının daha da artması istisna deyil. Bundan əlavə isə bu proqramın icrası qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək”.