Velosiped yollarında ümumi axıcılıq necə təmin edilməlidir?

28 Sentyabr 2026 10:32 (UTC+04:00)

Bu gün velosiped yollarının ümumi axıcılığı ilə bağlı müəyyən problemlər var. Onlar arasındakı boşluqların yaranmasının bir və ya bir neçə səbəbi mövcuddur.

Bu sözləri SİA-ya nəqliyyat eksperti Aslan Əsədov deyib.

O bildirib ki, velosiped yolları lazımi və ehtiyac olan ərazilərdə deyil, zərurət olmayan digər yollarda və ərazilərdə çəkilib, inşa edilib:

“Velosiped yollarının hansı üstünlüyə malik olması məsələsinə gəldikdə, mən deyərdim ki, bunun digər nəqliyyat vasitələrindən üstünlüyü ola bilməz. Sadəcə burada insan və insan yönümlü şəhər modelinə keçid üçün bir xidmət sahəsi kimi bunu qiymətləndirə bilərik. Amma digər nəqliyyat vasitələri ilə mübadilə baxımından bunun xüsusi xüsusiyyəti yoxdur.

Digər məsələ isə nəqliyyat infrastrukturunda ümumi axıcılığın və rentabelliyin qorunmasıdır. Bu da fakt olaraq özü-özlüyündə müəyyən prosedurları özündə ehtiva edir.

Məsələn, bugün nəqliyyat axınlarının idarə olunmasında, xüsusilə nəqliyyat infrastrukturunda müəyyən dərəcədə boşluq var. Bu boşluqlardan biri odur ki, velosiped yolu gedir, bitir, sonra yenidən peyda olur. Yəni velosipedçi nə etməlidir? Velosiped yolunun üzərindəmi getməlidir, yoxsa həmin yolun üzərində hərəkət etməlidir?

Ona görə də yollar 10 kilometr olsun, amma dayanıqlı və bir-biri ilə əlaqəli olsun. Ayrı-ayrılıqda çəkilən yollar isə ciddi problemlərə gətirib çıxara bilir”.

Ayşən Vəli