Azərbaycanın İrandakı səfirliyində 27 Sentyabr - Anım Günü ilə bağlı təşkil olunmuş “Vətənə bağışlanan ömür. Tarix yazan şəhidlər” adlı anım mərasimində İran ictimaiyyətinin və mətbuatın nümayəndələri, diplomatik korpusun təmsilçiləri, Tehranda yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər. Bu barədə Azərbaycanın İrandakı səfirliyindən məlumat verilib.
Mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun prezidenti, səfir Məhəmməd Həsən Azərbaycan şəhidlərinin fədakarlığının dərin hörmətlə xatırlandığını bildirib, onların xatirəsinin Azərbaycan Respublikası tərəfindən daim əziz tutulmasının alqışlandığını vurğulayıb, şəhid ailələrinə başsağlığını çatdıraraq şəhidlərimizə rəhmət diləyib.
Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə 2020-ci il sentyabr ayının 27-də Ermənistanın Azərbaycana qarşı etdiyi növbəti hərbi təcavüzünün qarşısını almaq və Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığını və Azərbaycan xalqının dəstəyi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Ordumuzun şücaəti ilə ölkəmizin beynəlxalq miqyasda tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulduğunu və dövlətimizin ərazi bütövlüyünün bərpasının təmin edildiyini bildirmişdir.
Səfir, 27 Sentyabr tarixi ilə başlanan Vətən müharibəsində əldə olunmuş Qələbənin Azərbaycan Respublikası Prezidentinin apardığı müdrik siyasətin və göstərdiyi qətiyyətinin nəticəsi olduğunu, ordumuzun qüdrətini, xalqımızın birliyini, ölkəmizin işğal altında olan torpaqlarını azad etməyə qadir olduğunu göstərdiyini və gələcək nəsillər üçün örnək olduğunu bildirib. Əli Əlizadə bu yolda Azərbaycanın qəhrəman igidlərinin şəhidlik zirvəsinə ucaldığını, onların göstərdiyi rəşadət və vətənpərvərliyin şanlı Qələbənin əldə olunması ilə nəticələndiyini, Azərbaycanın tarixi ədaləti bərpa etdiyini və yeni reallıqlar yaratdığını bildirib.
Səfir, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsinin dərin hörmət və ehtiramla yad edildiyini vurğulayıb və onlara uca Allahdan rəhmət diləyib.
Mərasimdə, 27 Sentyabr - Anım Gününün mahiyyəti və həqiqətlərini özündə əks etdirən qısametrajlı film və videoçarx nümayiş olunub. İştirakçılar, həmçinin Anım Günü ilə əlaqədar səfirlikdə təşkil olunmuş fotosərgiyə baxış keçirib, Ermənistan ordusunun və separatçı silahlı birləşmələrinin vaxtilə Azərbaycan ərazilərində törətdikləri vəhşiliklərinə, dinc əhaliyə qarşı hərbi cinayətlərinə, təcavüz və təxribatlarının fəsadlarına dair məlumatlar alıblar.