Almaniya və Rusiya XİN başçıları gərginlik fonunda Nyu-Yorkda görüşüblər

27 Sentyabr 2026 14:53 (UTC+04:00)

Almaniyanın xarici işlər naziri İohan Vadeful Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşərək Rusiyanı Almaniya, Avropa və NATO ilə münasibətlərdə “təhlükəli eskalasiya yolundan” imtina etməyə çağırıb, SİA xarici mənbələrə istinadən xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Almaniya tərəfinin təşəbbüsü ilə keçirilən görüş 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra iki ölkənin xarici işlər nazirləri arasında ilk belə təmas olub.

Görüş zamanı ikitərəfli münasibətlər və Ukraynadakı müharibə müzakirə edilib. Vadeful Qara dəniz vasitəsilə taxıl ixracının bərpası və enerji infrastrukturuna qarşı hücumların dayandırılması istiqamətində razılaşma əldə olunması üçün Rusiyanın mümkün olan hər şeyi etməsinin vacibliyini vurğulayıb.

Lavrov isə görüşdə yeni heç nə eşitmədiyini, Vadefulun mövqeyinin Berlində daha əvvəl açıqlanan rəsmi bəyanatlardan fərqlənmədiyini bildirib.

Diplomatik münasibətlər 2022-ci ildən ciddi şəkildə pisləşən Berlin və Moskva arasında bu təmas tərəflərin Ukraynadakı müharibə və Qara dənizdə təhlükəsiz gəmiçiliklə bağlı mövqelərini müzakirə etdiyi bir vaxtda baş tutub.