İran xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının yenidən açılması ilə bağlı Tehran təklifini rədd etməsindən sonra münaqişənin yalnız danışıqlar yolu ilə həll edilə biləcəyini bildirib, SİA xarici mənbələrə istinadən xəbər verir.
Əraqçi İranın strateji su yolunun açılması və danışıqların davam etdirilməsi ilə bağlı şərtlərinin dəyişmədiyini deyib. Onun sözlərinə görə, Tehran ABŞ-ın yekun mövqeyini vasitəçilərdən almağı gözləyir və bundan sonra növbəti addımları müəyyənləşdirəcək.
İranın təklifi Hörmüz boğazından normal gəmiçiliyin 1 həftə ərzində bərpa edilməsini və daha geniş sülh danışıqlarının yenidən başlanmasını nəzərdə tutur. Tehran bunun üçün ABŞ-dan müəyyən şərtlərin yerinə yetirilməsini tələb edir.
Tramp isə şənbə günü İranın təklifini qəbul etmədiyini açıqlayıb. O, Tehranın boğazın açılması ilə bağlı razılaşma əldə etmək istədiyini bildirib.
İran Prezidenti Məsud Pezeşkian isə danışıqların nəticə verməsi üçün tərəflər arasında müharibə nəticəsində yaranmış etimadsızlığın aradan qaldırılmasının vacib olduğunu qeyd edib. Oman da böhranla bağlı bütün tərəfləri dialoqu davam etdirməyə çağırıb.