“Azərbaycan xalqı şəhidlərini heç zaman unutmayacaq və unutmur” - MİLLƏT VƏKİLİ

27 Sentyabr 2026 12:40 (UTC+04:00)

“27 Sentyabr – Anım Günü Azərbaycan xalqının milli yaddaşında və eyni zamanda dövlətçilik tarixində xüsusi yerə malikdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsinin başladığı həmin gün bir tərəfdən Azərbaycanı böyük Zəfərə apardı, digər tərəfdən isə 27 Sentyabr Azərbaycan tarixində şəhidlərimizin anım günü, onların heç zaman unudulmayacağını təsdiq edən bir gün kimi daxil oldu:

"Azərbaycanın əldə etdiyi Zəfər məhz şəhidlərimizin və qazilərimizin hesabına baş verdi. Azərbaycan bu Zəfərlə regionda yeni düzən formalaşdırdı. Təbii ki, Anım Gününün Azərbaycan tarixinə daxil olması bir daha təsdiq edir ki, Azərbaycan xalqı şəhidlərini heç zaman unutmayacaq və unutmur.

Şəhid ailələrinə dövlət dəstəyi getdikcə artır, güclənir və onlar daim Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Şəhid ailələrimizin sosial təminatının gücləndirilməsi, onlara göstərilən dəstəyin artırılması hər zaman Azərbaycanda prioritet siyasət olaraq qalır və qalacaq.

Allah bütün şəhidlərimizə rəhmət etsin!