ABŞ-ın şimal-şərqində güclü “nor’easter” fırtınası səbəbindən Nyu-York və Nyu-Cersidə fövqəladə vəziyyət elan edilib, SİA xarici mənbələrə istinadən xəbər verir.
Fırtına sahilyanı ərazilərdə daşqınlara, güclü küləyə və leysan yağışlara, həmçinin elektrik enerjisinin kəsilməsinə və nəqliyyatda ciddi problemlərə səbəb olub. Ölkənin Milli Meteoroloji Xidmətinin məlumatına görə, fırtınanın təsiri Nyu-York və Boston da daxil olmaqla geniş ərazilərdə hiss olunur. Bruklində aşan ağacın bir nəfərin ölümünə səbəb olduğu bildirilir.
Elektrik enerjisinin kəsilməsi nəticəsində ABŞ-ın şimal-şərqində 100 mindən çox abonent işıqsız qalıb. FlightAware-in məlumatına görə, 2,400-dən çox aviareys gecikib, 1,199 reys isə ləğv edilib.
Tam Ayın sahilyanı daşqınların miqyasını artıracağı gözlənilir. Nyu-Cersinin Surf City və Manasquan şəhərlərində bəzi küçə və evləri su basıb.
Nyu-Cersi qubernatoru sakinləri fırtınanı ciddi qəbul etməyə, ehtiyatlı olmağa və yerli qurumların göstərişlərinə əməl etməyə çağırıb.