"Türkiyədə Azərbaycana qarşı aparılan kampaniya məni çox narahat edir və məcburən bu məsələyə münasibət bildirməliyəm". Bunu SİA-ya açıqlamasında "Səs" Media Qrupun rəhbəri, siyasi analitik Bəhruz Quliyev deyib.
Siyasi analitik açıqlamasına davam edərək bildirib ki, bu gün Türkiyədə Azərbaycan əleyhinə səslənən bəzi fikirlər və aparılan kampaniyalar həm üzücüdür, həm də ciddi suallar doğurur: "Bu prosesin arxasında kimlərin dayandığı ayrıca araşdırma mövzusudur. Eyni zamanda, burada üçüncü bir dövlətin və ya üçüncü tərəfin iki qardaş ölkə arasında nifaq salmaq, qarşılıqlı etimadı zəiflətmək və münasibətlərimizə zərbə vurmaq niyyətinin olub-olmadığı da nəzərə alınmalıdır. Çünki bəzən görünən mübahisələrin arxasında Türkiyə və Azərbaycana qarşı yönəlmiş başqa bir barmaq, başqa bir maraq dayanır.
Amma bir məsələ tam aydındır: Azərbaycanla Türkiyə arasındakı münasibətlərə təzyiq, diktə və ya birtərəfli gözləntilər prizmasından yanaşmaq düzgün deyil. Biz belə təxribatlara uymamalı, kənardan yaradılan gərginliyin iki qardaş xalqın münasibətlərinə təsir göstərməsinə imkan verməməliyik. Azərbaycan müstəqil dövlətdir. Öz xarici siyasəti, milli maraqları və dövlətçilik prioritetləri var. Azərbaycan heç vaxt başqa dövlətin iradəsi çərçivəsində hərəkət etməyib və bundan sonra da etməyəcək".
B.Quliyev vurğulayıb ki, strateji müttəfiqlik bir dövlətin digərinə öz iradəsini diktə etməsi deyil: "Əksinə, qarşılıqlı etimad, hörmət, maraqların nəzərə alınması və çətin məqamlarda bir-birinə dayaq olmaqdır. Şuşa Bəyannaməsinin ruhu da məhz bu prinsiplərə söykənir. Harada Türkiyə varsa, Azərbaycan da var. Harada Azərbaycanın haqqı və maraqları müdafiə olunursa, Türkiyənin yanında Azərbaycanı görmək mümkündür. Bu, bizim qardaşlığımızın mahiyyətidir. Amma qardaşlıq başqa, vassallıq tamam başqa məsələdir. Azərbaycan Türkiyəyə qardaş kimi yanaşır, tərəfdaş kimi əməkdaşlıq edir, müttəfiq kimi çiyin-çiyinə dayanır. Lakin Azərbaycan heç kimin vassalı deyil və olmayacaq. Bizim münasibətlərimizin gücü də məhz bundadır ki, iki müstəqil dövlət, bir millət, ortaq tarix və qarşılıqlı hörmət".
"Səs" Media Qrupun rəhbəri əlavə edib ki, Azərbaycan öz milli maraqlarını müdafiə etmək hüququna malikdir: "Türkiyənin də öz maraqları var. Əsas məsələ bu maraqları qarşı-qarşıya qoymaq deyil, onları qarşılıqlı anlaşma və diplomatik dialoq çərçivəsində uzlaşdırmaqdır. Biz həm Azərbaycanın, həm də Türkiyənin maraqlarını qorumağa borcluyuq. Ona görə də Azərbaycana təzyiq dili ilə deyil, dost dili ilə danışmaq lazımdır.
Çünki Azərbaycan öz qardaşına sədaqətində səmimidir. Bu səmimiyyəti zəiflətmək yox, qorumaq lazımdır. Dövlətlərimiz və xalqlarımız arasında ciddi əməkdaşlıq, dostluq və strateji tərəfdaşlıq mövcuddur. Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz.
Qardaşlıq hökm etmək deyil. Qardaşlıq bir-birinin yanında olmaqdır.
Və ən əsası, Azərbaycanın müstəqil siyasəti var. Azərbaycan lazım gələndə öz qərarını özü verir...".