Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov

26 Sentyabr 2026 18:17 (UTC+04:00)

Artıq 10 ildir ki, ölkəmiz dünyanın ən nüfuzlu yarışlarından biri olan Formula 1 Dünya Çempionatının mərhələsinə uğurla ev sahibliyi edir. Bu möhtəşəm turnir hər il olduğu kimi, bu il də həm xarici qonaqlarımızın, həm də yerli vətəndaşlarımızın böyük marağına səbəb olub. Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib.

Bu sözləri Bakıda keçirilən Formula 1 yarışları zamanı Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov deyib.

Anar Ələkbərov bildirib ki, şəhərin yarış coşqusu və ab-havasısözün əsl mənasında inanılmazdır.

"İstər dünyanın dörd bir yanından gələn xarici qonaqlar, istərsə də yerli azarkeşlər bu bənzərsiz atmosferdən böyük zövq və ilham alırl. İnsanların gözlərindəki o səmimi həyəcanı görmək və yüksək səviyyəli təşkilatçılıqdan duyulan bu böyük məmnuniyyətə şahid olmaq həqiqətən qürurvericidir.

Ölkəmizdə belə mötəbər yarışların keçirilməsinə yaratdığı geniş şəraitə və göstərdiyi daimi dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. İnanıram ki, bu sürət və bayram əhval-ruhiyyəsi hər kəs üçün unudulmaz olacaq", - Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov qeyd edib.

Əlavə edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland), Oskar Piastri (Avstraliya), M.Ferstappen bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.

Builki yubiley (10-cu) turnirdə 10 komandadan 20 pilot birincilik uğrunda mübarizə aparıb. Yarış trekinin uzunluğu 6 kilometrdir. Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.

Mercedes pilotu Corc Rassell Formula 1 Azərbaycan Qran-prisinin 10-cu yubiley yarışında qələbə qazanıb. Yarış həftəsi britaniyalı pilotun tam üstünlüklə keçib və o karyerasında ilk “Böyük dəbilqə”ni qazanıb.

Bu, Rassellin Bakıda ilk, cari mövsümdə üçüncü, Formula 1 karyerasında isə səkkizinci qələbəsi olub.

Red Bull pilotları Maks Ferstappen və İsaak Hadjar yarışı müvafiq olaraq ikinci və üçüncü yerdə başa vurublar.