27 Sentyabr - Anım Günü çərçivəsində Ədirnədə “Bir millət, iki dövlət: Zəfərə doğru uzanan yol” mövzusunda konfrans keçirilib.
SİA xəbər verir ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Ədirnə Valiliyi, Trakya Universiteti, Azərbaycanın İstanbuldakı baş konsulluğu, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və Ədirnə Azərbaycan Evi Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Universitetin Balkan Konqres Mərkəzində təşkil olunub.
Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Ədirnə valisinin müavini Şevket Atlı çıxışında iki ölkə arasındakı güclü bağlara diqqət çəkərək Türkiyə-Azərbaycan qardaşlığının əbədi davam edəcəyini vurğulayıb.
Ədirnə Bələdiyyəsinin sədri, vəkil Filiz Gencan Ədirnənin tarixi yaddaşına və həmrəylik mədəniyyətinə diqqət çəkib. O, Balkan müharibələrinin acılarını yaşamış Ədirnə üçün Qarabağda yaşananların heç vaxt uzaq olmadığını bildirib.
Trakya Universitetinin rektoru professor Mustafa Hatipler çıxışında Qarabağ Zəfərinin tarixi əhəmiyyətindən danışaraq torpaqların işğaldan azad edilməsinin uğurundan bəhs edib. Bildirib ki, bu Zəfər Xocalıda tökülən günahsız qanların və yurdundan didərgin salınmış 1 milyondan çox insanın 30 il ərzində qəlbində daşıdığı həsrətin sona çatmasıdır. O, 44 günlük Zəfərin mühüm məqamlarından birinin Türkiyə ilə Azərbaycanın çiyin-çiyinə nümayiş etdirdiyi və tarixə nümunə olan həmrəylik olduğunu vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulu Zamin Əliyev, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Ədalət Turan və Ədirnə Azərbaycan Evi Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Tamer Karadağ da çıxış edərək Qarabağ Zəfərinin əhəmiyyətindən danışıblar.
Açılış çıxışlarından sonra Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini professor Musa Qasımlı “Bir millət, iki dövlət: Zəfərə doğru uzanan yol” mövzusunda məruzə ilə çıxış edib. O, Türkiyə ilə Azərbaycan arasındakı tarixi və strateji münasibətlərə dair fikirlərini bölüşüb.
Tədbir Azərbaycanın Xalq artisti Əlixan Səmədovun və Əməkdar artist Anar Şuşalının musiqi ifaları və təşəkkürnamələrin təqdim olunması ilə başa çatıb.