Tatarıstan özünün halal laboratoriyasını yaratmağa hazırlaşır...

26 Sentyabr 2026 21:06 (UTC+04:00)

...Tatarıstanda şəriət qaydalarına uyğun məhsulların tədqiqi və sınaqdan keçirilməsi üçün akkreditə olunmuş halal laboratoriya yaradıla bilər.

Bu strukturun yaradılması Tatarıstan nümayəndə heyəti ilə Malayziya İslam İnkişafı Departamentinin (JAKIM) nümayəndələri arasında keçirilən görüşdə müzakirə edilib.

SİA xəbər verir ki, bu barədə Rusiya - İslam Dünyası: KazanForum Beynəlxalq İqtisadi Forumunun mətbuat xidməti məlumat verib.

Tərəflər həmçinin JAKIM mütəxəssislərinin, Malayziyanın halal sertifikatlaşdırma qurumlarının nümayəndələrinin və yerli halal şirkətlərinin KazanForum 2027-də iştirak etmə ehtimalını da müzakirə ediblər.

Razılıq əldə olunarsa, JAKIM mütəxəssisləri halal laboratoriyası üçün işçilərin təlimi və sertifikatlaşdırılmasında iştirak edəcəklər.

Layihənin həyata keçirilməsi üçün ətraflı yol xəritəsi tezliklə Tatarıstan Müsəlmanları Ruhani İdarəsinin iştirakı ilə hazırlanacaq.

Halal laboratoriyasının yaradılmasının Rusiya ilə Malayziya arasında diplomatik münasibətlərin qurulmasının 60-cı ildönümünə təsadüf etməsi planlaşdırılır.

Əvvəllər Tatarıstan istehsalçısının halal olduğu iddia edilən kolbasalarında donuz DNT-sinin tapıldığı bildirilirdi.

Bu arada, Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası (ASEAN) vahid halal standartının tətbiqini nəzərdən keçirir.

Əli Babayev