Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın VNG şirkəti Strateji Əməkdaşlıq Sazişi imzalayıb.
Bu barədə şənbə günü SOCAR-ın dərc etdiyi məlumatda qeyd olunub.
"SOCAR ilə VNG arasında Strateji Əməkdaşlığa dair Saziş şirkətlər arasında gələcək əməkdaşlığın çərçivələrini müəyyənləşdirir. Sənəd təbii qaz üzrə uzunmüddətli tərəfdaşlığı, eləcə də bununla əlaqədar infrastruktur və tənzimləyici məsələləri nəzərdə tutur", - deyə məlumatda vurğulanır.
Həmçinin bildirilir ki, tərəflər enerji keçidi, habelə hidrogen və onun törəmələri üzrə elmi-texniki məsələlər ilə bağlı da əməkdaşlıq edəcəklər.
Xatırladaq ki, 2024-cü il iyunun 25-də SOCAR və VNG təbii qaz və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalayıb.
Qeyd edək ki, VNG AG-nin baş ofisi Leypsiqdə yerləşən Almaniya enerji qrupudur və Almaniya və Avropada 20-dən çox şirkəti birləşdirir. Qrup təbii qaz idxalçısı və topdansatış tədarükçüsü, həmçinin qazın nəqli və saxlanması sistemləri də daxil olmaqla, kritik əhəmiyyətli qaz infrastrukturunun operatorudur.
VNG-nin fəaliyyəti beş əsas istiqaməti əhatə edir: ticarət və satış, nəql, saxlama, bioloji qaz və rəqəmsal infrastruktur. Şirkət həmçinin bioloji qaz və hidrogen də daxil olmaqla, bərpa olunan və aşağı karbonlu qazların inkişafına yönəlmiş VNG 2030+ strategiyasını həyata keçirir və enerji sisteminin transformasiyasında iştirak edir.
2025-ci ilin yekunlarına görə, qrupun gəlirləri təxminən 18 milyard avro, düzəliş edilmiş EBITDA göstəricisi 422 milyon avro təşkil edib, işçilərinin sayı isə 2 049 nəfərə çatıb. VNG Almaniya, Polşa, Çexiya, Avstriya və İtaliya olmaqla, beş ölkədə fəaliyyət göstərir.