Cənubi Qafqaz və Qara dəniz hövzəsində formalaşan yeni enerji arxitekturasında Azərbaycanın rolu genişlənir. Avropanın enerji təhlükəsizliyində neft və təbii qaz tədarükçüsü kimi mühüm mövqeyə malik olan Azərbaycan indi bərpaolunan mənbələrdən istehsal edilən elektrik enerjisinin qitə bazarına çatdırılmasını nəzərdə tutan regional layihələrin əsas iştirakçılarından biri kimi çıxış edir.
SİA xəbər verir ki, Rumıniyanın “Adevărul” nəşrinin jurnalisti Kristian Unteanu Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaradılması nəzərdə tutulan yaşıl enerji dəhlizinə həsr etdiyi analitik məqalədə regionda formalaşan yeni geoiqtisadi konfiqurasiyanı təhlil edib.
Müəllifin fikrincə, söhbət yalnız elektrik enerjisinin bir ölkədən digərinə ötürülməsindən deyil, Qafqaz, Türkiyə, Qara dəniz və Avropa arasında yeni enerji və iqtisadi bağlantıların yaradılmasından gedir.
Kristian Unteanu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın açıqlamalarına istinad edərək Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstanı birləşdirəcək dördtərəfli yaşıl enerji dəhlizinə xüsusi diqqət yetirir. Qara dənizdən keçəcək elektrik bağlantıları ilə birlikdə bu layihələr Xəzər və Cənubi Qafqazdan Avropaya uzanan daha geniş enerji sisteminin formalaşmasına imkan verə bilər.
Azərbaycanın bu sistemdəki mövqeyi ölkənin böyük bərpaolunan enerji potensialı ilə də bağlıdır. Xəzərin külək enerjisi imkanları, ölkədə Günəş və külək elektrik stansiyalarının tikintisi gələcəkdə elektrik enerjisinin ixracını genişləndirmək üçün yeni perspektivlər yaradır.
Beləliklə, Azərbaycanın Avropa ilə enerji əməkdaşlığında yeni mərhələ formalaşır. Uzun illərdir neft ixrac edən və Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın təbii qaz təchizatında mühüm rol oynayan Azərbaycan gələcəkdə yaşıl elektrik enerjisinin də Avropaya tədarükçülərindən birinə çevrilə bilər.
Kristian Unteanu məsələyə Rumıniyanın maraqları prizmasından da yanaşır. Müəllif Qara dəniz sahilində yerləşən Rumıniyanın regionda formalaşan yeni enerji və ticarət marşrutlarında yetərincə fəal iştirak etməməsini tənqid edir. Onun fikrincə, Rumıniyanın yaxınlığında ölkənin iştirakı olmadan yeni regional enerji bağlantıları və iqtisadi marşrutlar formalaşır.
Rumıniyalı jurnalistin təhlilindən ortaya çıxan ümumi mənzərə göstərir ki, Azərbaycan–Türkiyə–Gürcüstan–Bolqarıstan yaşıl enerji dəhlizi yalnız elektrik enerjisinin ötürülməsi layihəsi deyil. Bu təşəbbüs Xəzər hövzəsi ilə Avropa arasında formalaşan daha geniş enerji və geoiqtisadi bağlantının mühüm elementlərindən birinə çevrilə bilər.