Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub

26 Sentyabr 2026 12:53 (UTC+04:00)

Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub.

SİA xəbər verir ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qeyri-maddi investisiyalar: gələcəyin kapitalı və iqtisadi artımın yeni hərəkətverici qüvvəsi” mövzusunda panel müzakirə keçirilib.

Böyük Britaniyanın “TP Engineering Services LLP” şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan paneldə qeyri-maddi aktivlərin məhsuldarlığın, rəqabət qabiliyyətinin və uzunmüddətli iqtisadi artımın mənbəyi kimi rolu müzakirə olunub.

Müzakirələr zamanı əqli mülkiyyətə, proqram təminatına, məlumatlara, tədqiqat və inkişafa, brendlərə, eləcə də təşkilati imkanlara investisiyaların əhəmiyyəti diqqətə çatdırılıb.

Həmçinin qeyri-maddi aktivlərin qiymətləndirilməsi, uçotu və maliyyələşdirilməsi, maliyyə institutları və investorların bu sahədə rolu, eləcə də bilik əsaslı investisiyaları təşviq edən hüquqi və institusional mexanizmlər nəzərdən keçirilib.

Paneldə innovasiya, nou-hau və intellektual kapitalın biznes dəyərinə, ixrac imkanlarına və yeni investisiyalara çevrilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirəyə “AnewZ”in təmsilçisi Teodor Geonov moderatorluq edib. Paneldə SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Avstriyanın “POERNER” şirkətinin Şərqi Avropa və MDB ölkələri üzrə satış direktoru Albert Traxler, “TP Engineering and Consultancy” şirkətinin təsisçisi və baş icraçı direktoru Rüstəm İsmayılov, “Caspian Business Hub”ın layihələrin inkişafı üzrə rəhbəri Nərmin Cəfərova və “KPMG Azərbaycan”ın idarəedici tərəfdaşı Vitali Yakovlev iştirak ediblər.