Nəqliyyat, telekommunikasiya və enerji sektorlarında əməkdaşlıq üçün böyük potensial var
SİA xəbər verir ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu beynəlxalq investisiya fondları, investorlar, yerli şirkətlər və dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayır.
Bunu KPMG Azərbaycanın idarəedici tərəfdaşı Vitaly Yakovlev forum çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, forum müxtəlif ölkələrdən olan investorlar və biznes nümayəndələri arasında birbaşa kommunikasiya və yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün əlverişli şərait yaradır.
Vitaly Yakovlev bildirib ki, tədbir çərçivəsində həm beynəlxalq investisiya fondları, həm investorlar, həm də yerli şirkətlər və dövlət qurumları arasında fikir mübadiləsi aparılır. Onun qeyd etdiyi kimi, bu cür platformalar potensial tərəfdaşların bir araya gəlməsinə və müxtəlif sahələr üzrə yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verir.
KPMG Azərbaycanın idarəedici tərəfdaşı xüsusilə nəqliyyat, telekommunikasiya və enerji sektorlarında əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı, regional mövqeyi və müxtəlif sahələrdə həyata keçirilən layihələr beynəlxalq investorlar üçün yeni əməkdaşlıq imkanları yaradır.
Vitaly Yakovlevin sözlərinə görə, forum çərçivəsində aparılan müzakirələr gələcəkdə müxtəlif investisiya layihələri və biznes tərəfdaşlıqlarının formalaşmasına töhfə verə bilər.