Bakının Baş planı şəhərin uzunmüddətli inkişafını və yeni investisiya imkanlarını müəyyənləşdirir
SİA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yaranan investisiya istiqamətləri: daşınmaz əmlak, turizm və şəhərsalma” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Bakı şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planda şəhərin regional və yerli mərkəzləri arasında balansın yaradılması, müasir infrastrukturun inkişafı və yaşıllıq ərazilərinin artırılması əsas istiqamətlərdəndir.
Anar Quliyev qeyd edib ki, Baş plan şəhərin məkan inkişafını müəyyənləşdirməklə yanaşı, yeni investisiya imkanlarının formalaşmasına da şərait yaradır.
Komitə sədri bildirib ki, əsas hədəf şəhər infrastrukturunun uzunmüddətli və dayanıqlı əsaslarla inkişaf etdirilməsidir.
O, Bakının keçmiş sənaye ərazilərinin yenidən qurulmasını bu istiqamətdə həyata keçirilən layihələrdən biri kimi diqqətə çatdırıb. Anar Quliyev vaxtilə “Qara şəhər” kimi tanınan ərazinin müasir şəhər məkanına çevrilməsinin şəhər mühitinin yenilənməsi, ətraf mühitin bərpası və iqtisadi fəallığın artırılması baxımından əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, bu cür layihələr şəhərsalma ilə yanaşı, turizm, daşınmaz əmlak və xidmət sektorlarında da yeni investisiya imkanlarının yaranmasına imkan verir.