Rəsm müsabiqəsinin finalçıları müəyyənləşib

26 Sentyabr 2026 11:12 (UTC+04:00)

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” layihəsinin icrası uğurla davam edir. Layihə çərçivəsində nəzərdə tutulan işlərin bir çoxu artıq yekunlaşmaq üzrədir. O cümlədən rəsm müsabiqəsi də artıq başa çatmaq üzrədir.

Bu barədə CASCFEN-in mətbuat xidmətinə layihə rəhbəri, təşkilatın sədri Nadir Azəri məlumat verib.
Nadir Azəri bildirib ki, rəsm müsabiqəsinin qaydalarına əsasən, müsabiqədə iştirak etmək istəyən şəxslər 20 sentyabr saat 18:00-dək qeydiyyatdan keçməli və əsərləri təqdim etməli idilər. İlkin mərhələdə 37 nəfər müsabiqədə iştirak etmək üçün müraciət etsə də, onlardan 35-i rəsmi qeydiyyatdan keçib. Beləliklə, müsabiqəyə ümumilikdə 35 əsər təqdim olunub: “Qeyd edim ki, müsabiqəyə təkcə Bakıdan deyil, bölgələrimizdən də maraq göstərən və qatılanlar olub. Bakının Səbail, Nəsimi, Binəqədi, Yasamal rayonları, həmçinin Xırdalan şəhəri, Xızı rayonundan isə daha çox fəallıq göstərilib”.
N.Azərinin sözlərinə görə, ilkin seleksiya zamanı 35 əsərdən 7-nin bu və digər şəkildə müsabiqə qaydalarına uyğun olmadığı müəyyən edilib və həmin əsərlər növbəti mərhələyə buraxılmayıb. Nəticədə 28 əsər növbəti seleksiyada iştirak etmək hüququ qazanıb.
Nadir Azəri qeyd edib ki, Təşkilat Komitəsi 28 əsər arasından ən yaxşı 15 əsəri müəyyənləşdirərək onların oktyabrın 3-də keçiriləcək konfrans zamanı sərgilənməsinə qərar verməli idi. Lakin müsabiqə çərçivəsində bir sıra sürpriz qərarlar da qəbul edilib. Həmin qərarların konfrans günü ictimaiyyətə açıqlanması nəzərdə tutulur.
Layihə rəhbəri bildirib ki, finalçılar arasından ən yaxşı üç əsərin də müəyyənləşdirilməsi üçün əvvəlki təcrübədən istifadə olunub: “2023-cü ildə keçirdiyimiz müsabiqənin ənənəsinə sadiq qalaraq, finala layiq görülən əsərlər arasından ən yaxşı üç əsərin seçilməsi üçün iki mərhələli prosesi reallaşdırdıq. Həmçinin, Azərbaycandan kənarda – Türk dünyasının müxtəlif ölkələrindən, (Kuzey Kıbrıs, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Türkiyə) o cümlədən Amerika Birləşmiş Ştatlarından olan dostlarımızın da onlayn səsvermədə iştirakını təmin etdik”.
Nadir Azəri onu da bildirib ki, səsvermədə iştirak edən şəxslər arasında keçmiş səfirlər, universitet rektorları, professorları, hazırda ayrı-ayrı ölkələrdə diplomatik fəaliyyətdə olanlar, iş adamları, diaspora fəalları və digər mühüm vəzifələrdə çalışmış şəxslər var. Eyni zamanda, Azərbaycandakı diplomatik korpuslarda fəaliyyət göstərən şəxslər də səsvermədə iştirak ediblər:“Növbəti həftənin ilk yarısında finala çıxan iştirakçılarla əlaqə saxlanılacaq. Onlar oktyabrın 3-də keçiriləcək konfransa dəvət olunacaq, konfransın əvvəlində isə əsərlər sərgilənəcək və sonunda mükafatlandırma mərasimi olacaq”.