Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü keçirilir

26 Sentyabr 2026 09:07 (UTC+04:00)

Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2026) ikinci günü keçirilir.

SİA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.

Forum çərçivəsində qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, investisiya imkanları, təchizat zəncirlərinin yenidən formalaşması, nəqliyyat və enerji bağlantıları, eləcə də texnologiya və süni intellektin iqtisadi proseslərə təsiri müzakirə olunur.

Tədbirdə Azərbaycanın regional və qlobal iqtisadi əlaqələrdə rolu, ölkənin investisiya potensialı və yeni əməkdaşlıq imkanları diqqət mərkəzindədir.

Forum nüfuzlu beynəlxalq beyin mərkəzlərinin tərəfdaşlığı ilə təşkil olunur. Tədbirin strateji tərəfdaşı “The European House – Ambrosetti & TEHA Group” iqtisadi siyasət, investisiya və rəqabətqabiliyyətlilik üzrə analitik araşdırmaları ilə tanınır.