25-26 sentyabr tarixlərində Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – “AIIF 2026”) ilk günü başa çatıb.
SİA xəbər verir ki, forumun açılışında Baş nazirin müavini Samir Şərifov Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.
Forumun ilk günündə qlobal iqtisadi gündəmin aktual məsələləri, Azərbaycanın investisiya imkanları, regional və beynəlxalq bağlantıların inkişafı, eləcə də müxtəlif iqtisadi sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.
İlk sessiyada iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda müzakirələr aparılıb. Sessiyada Azərbaycanın qlobal iqtisadi dəyişikliklər fonunda strateji mövqeyi, regional bağlantı imkanları və investisiya potensialı diqqətə çatdırılıb.
Qlobal iqtisadi perspektivlərə həsr olunmuş panel müzakirəsində iqtisadçı və strateq, “Roubini Macro Associates” şirkətinin baş icraçı direktoru Nouriel Roubini və “Euronews”un Direktorlar Şurasının sədri Pedro Vargas David iştirak ediblər. Müzakirələrdə qlobal iqtisadi mənzərə, iqtisadi artım və investisiya mühitinə təsir edən əsas meyillər nəzərdən keçirilib.
“The European House – Ambrosetti”nin baş icraçı direktoru və idarəedici tərəfdaşı Valerio De Molli “Azərbaycan və Cənubi Qafqaz: investisiya artımı üçün mərkəzi qovşaq” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın və Cənubi Qafqazın investisiya imkanları, regional bağlantılar və regionun qlobal iqtisadi sistemdə dəyişən rolu diqqətə çatdırılıb.
“Qlobal artımın, investisiyaların və bağlantıların gələcəyinin formalaşdırılması” mövzusunda yüksək səviyyəli panel müzakirəsində qlobal iqtisadi və geosiyasi proseslərin iqtisadi artıma, investisiyalara və bağlantılara təsiri, regional əməkdaşlığın inkişafı və yeni iqtisadi imkanlar ətrafında fikir mübadiləsi aparılıb. Sessiyanın sonunda Azərbaycanı təmsil edən qurumlarla xarici şirkət və tərəfdaşlar arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb.
Forumun ilk günündə, həmçinin sənaye platformaları və azad iqtisadi zonalar, Orta Dəhliz, süni intellekt, innovasiya və rəqəmsal transformasiya, Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlığı, kapital bazarları, regional enerji bağlantıları və yaşıl keçid, beynəlxalq maliyyə əməkdaşlığı, aqrobiznes, kritik xammal və qlobal iqtisadi təhlükəsizlik mövzularında panel sessiyalar keçirilib.
Bununla yanaşı, Türk İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü, Afrika və Azərbaycan arasında investisiya, ticarət və artım imkanlarına həsr olunmuş tədbir, eləcə də Böyük Britaniya və Almaniya ilə əməkdaşlıq çərçivəsində xüsusi sessiyalar təşkil olunub.
Beləliklə, “AIIF 2026”nın ilk günündə qlobal iqtisadi çağırışlar və investisiya perspektivləri müzakirə edilib, Azərbaycanın regional iqtisadi və investisiya imkanları təqdim olunub, müxtəlif istiqamətlərdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Forum sentyabrın 26-da da davam edəcək.