Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Beynəlxalq maliyyə sahəsində əməkdaşlıq: inkişaf naminə tərəfdaşlıqların qurulması” mövzusunda sessiya təşkil olunub.
SİA xəbər verir ki, sessiyada beynəlxalq maliyyə əməkdaşlığı, investisiyaların səfərbər edilməsi və Azərbaycanın regional iqtisadi inkişafda rolu müzakirə olunub.
Sessiyanın “Qlobal maliyyə perspektivləri və regional təsirlər” adlı birinci hissəsində maliyyə naziri Sahil Babayev və Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun iştirakı ilə qlobal maliyyə mühiti və onun regional iqtisadi proseslərə təsiri barədə fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı beynəlxalq kapitalın infrastruktur, sənaye və regional bağlantı layihələrinə yönəldilməsi, maliyyə institutları ilə özəl investorlar arasında tərəfdaşlığın genişləndirilməsi, kredit reytinqləri, bazar məlumatları və maliyyə infrastrukturunun investisiya qərarlarına təsiri məsələlərinə toxunulub.
Sessiyanın ikinci hissəsində Azərbaycanın regiondakı strateji rolu və beynəlxalq maliyyə əməkdaşlığının inkişaf perspektivləri diqqət mərkəzində olub. Azərbaycana beynəlxalq kapitalın cəlb edilməsi, rəqəmsal ödənişlərin və maliyyə infrastrukturunun inkişafı, eləcə də qlobal maliyyə operatorları ilə tərəfdaşlıqların genişləndirilməsi istiqamətləri müzakirə edilib.
Sessiyada beynəlxalq maliyyə əməkdaşlığının investisiya imkanlarının genişləndirilməsi, iqtisadi artımın dəstəklənməsi və regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsində rolu vurğulanıb.