Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Regional enerji bağlantıları və yaşıl keçid: çağırışlar və imkanlar” mövzusunda panel sessiya təşkil edilib.
SİA xəbər verir ki, sessiyaya “The European House-Ambrosetti” (“TEHA Group”) beyin mərkəzinin rəsmisi Alessandro Viviani moderatorluq edib.
Paneldə energetika naziri Pərviz Şahbazov Azərbaycanın Cənubi Qafqaz, Avropa və Mərkəzi Asiya arasında regional enerji bağlantılarının və enerji təhlükəsizliyinin gücləndirilməsində rolundan danışıb. Ölkədə həyata keçirilən bərpaolunan enerji və yaşıl infrastruktur layihələri barədə məlumat verilib.
Sessiyada energetika nazirinin müavini Orxan Zeynalov, “SOCAR Green” MMC-nin baş direktoru Elmir Musayev, İtaliyanın “Intesa Sanpaolo” bankının qlobal korporativ bankçılıq üzrə enerji sənayesi rəhbəri Luka Matrone, Çinin ISETS (International Society for Energy Transition Studies) Şurasının sədri Syanşen Sun, “Çalık Holding”in İdarə Heyətinin sədri Ahmet Çalık və “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisəsinin baş direktoru Tural Əliyev çıxış ediblər.
Müzakirələr zamanı bərpaolunan enerji və yaşıl infrastruktur layihələrinə investisiyaların cəlb edilməsi, əlverişli siyasət və tənzimləyici çərçivələrin formalaşdırılması, həmçinin texnologiya, avadanlıq və maliyyələşdirmə imkanlarının genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Transsərhəd enerji layihələrinin, o cümlədən yaşıl elektrik enerjisinin ötürülməsi və regional enerji bazarlarının inteqrasiyasının inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, yaşıl keçid prosesinin sürətləndirilməsi şəraitində enerji təhlükəsizliyinin və sənaye rəqabətqabiliyyətliliyinin qorunması, eləcə də İtaliya ilə enerji və yaşıl keçid sahəsində strateji tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, “The European House-Ambrosetti”nin strateji tərəfdaşlığı ilə keçirilir. Forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.