Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kapital bazarları diversifikasiyanın katalizatoru kimi: Azərbaycanın inkişaf yoluna Böyük Britaniyanın baxışı” mövzusunda panel sessiya keçirilib.
SİA xəbər verir ki, sessiya Böyük Britaniyanın maliyyə və biznes sektorunu təmsil edən “TheCityUK” və “London Stock Exchange Group”un (LSEG) əməkdaşlığı ilə təşkil olunub. “AnewZ” televiziyasının qlobal baş redaktoru Qay Şoun moderatorluğu ilə keçirilən paneldə kapital bazarlarının iqtisadi şaxələndirmədə rolu, maliyyələşdirmə imkanlarının genişləndirilməsi və Böyük Britaniyanın bu sahədə təcrübəsi müzakirə edilib.
Paneldə “London Stock Exchange Group”un Avropa üzrə ilkin bazarlar rəhbəri Ayuna Neçayeva, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının İxrac Maliyyələşdirilməsi Agentliyinin həmsədri Natalya Sergeyeva, Bakı Fond Birjasının baş icraçı direktoru Ruslan Xəlilov, Kembricşir Ticarət Palatasının beynəlxalq ticarət və iqtisadi inkişaf üzrə assosiativ tərəfdaşı İlona Karpanos və “Standard Chartered Bank”ın inkişaf və agentlik maliyyələşdirilməsi üzrə icraçı direktoru Desislava Radeva çıxış ediblər.
Müzakirələr zamanı kapital bazarlarının iqtisadi şaxələndirmənin və özəl sektorun inkişafının dəstəklənməsində rolu, şirkətlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, investisiyaların cəlbi və kapital bazarlarının dərinləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Panel iştirakçıları Böyük Britaniyanın kapital bazarları və maliyyə xidmətləri sahəsində təcrübəsi, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq imkanları və yerli şirkətlərin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikirlərini bölüşüblər.
Bildirilib ki, kapital bazarlarının inkişafı iqtisadiyyatın diversifikasiyası, biznesin maliyyələşdirilməsi imkanlarının artırılması və uzunmüddətli investisiyaların təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.