Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas drayveri” mövzusunda panel sessiya keçirilib.
SİA xəbər verir ki, sessiyaya “AnewZ” telekanalının baş redaktorunun müavini Orxan Amaşov moderatorluq edib.
İqtisadiyyat nazirinin müşaviri Taleh Ziyadov çıxışında Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlığın əsas platformalarından biri kimi rolunu vurğulayıb. Orta Dəhlizin inkişafı, yaşıl enerji, qarşılıqlı investisiyalar və nəqliyyat sahəsində birgə layihələrin regional iqtisadi inteqrasiyanı gücləndirdiyi qeyd olunub.
Paneldə Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmak, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev, Türkdilli Dövlətlər Təşkilatının Budapeştdəki nümayəndəliyinin icraçı direktoru Balaş Hendrix, Türkiyənin “Sabancı Holding” şirkətinin baş icraçı direktoru Kıvanç Zaimler, BƏƏ-nin XRG şirkətinin aktivlərin idarə edilməsi üzrə baş vitse-prezidenti Bassem Tadros, Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Ziya Əliyev, Gürcüstanın LEPL İnvestisiya Agentliyinin baş icraçı direktoru Mixeil Xidureli və “Qazaxıstan Dəmir Yolları” şirkətinin İdarə Heyəti sədrinin müavini Yerlan Koyşibayev iştirak ediblər.
Müzakirələrdə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əməkdaşlıq platformasının formalaşdırılması, Xəzər regionunda ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, həmçinin siyasi dialoqun biznes, infrastruktur və institusional əməkdaşlıq üzrə praktiki təşəbbüslərlə tamamlanması məsələləri müzakirə olunub.
İştirakçılar region ölkələri arasında qarşılıqlı etimadın və iqtisadi əlaqələrin gücləndirilməsi, investisiya və maliyyələşdirmə imkanlarının genişləndirilməsi, özəl sektorun və institusional mexanizmlərin regional əməkdaşlığa töhfəsi barədə fikir mübadiləsi aparıblar. Xəzər hövzəsində daha sıx iqtisadi inteqrasiyanın təşviqi də diqqət mərkəzində olub.
Qeyd edək ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, “The European House - Ambrosetti”nin strateji tərəfdaşlığı ilə keçirilir. “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunan Forum çərçivəsində qlobal iqtisadi gündəm, investisiya imkanları və regional əməkdaşlıq məsələləri müzakirə olunur.