İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri” mövzusunda panel sessiya keçirilib.
SİA xəbər verir ki, sessiyanın “ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlığı: TRIPP və yeni bağlantı imkanları” mövzusuna həsr olunan birinci hissəsinə iqtisadiyyat nazirinin müşaviri Taleh Ziyadov moderatorluq edib.
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxışında ABŞ-Azərbaycan tərəfdaşlığı və yeni regional bağlantı imkanlarının Cənubi Qafqazda davamlı sülh və sabitliyin möhkəmləndirilməsinə verə biləcəyi töhfələrdən danışıb.
Paneldə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov, ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon, “Bechtel” şirkətinin biznesin inkişafı üzrə direktoru Qabor Gerentser, “Apollo” şirkətinin idarəedici direktoru Conatan Bar, “Centricus” şirkətinin tərəfdaşı Halil Emecen və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov iştirak ediblər.
Müzakirələrdə ABŞ-Azərbaycan strateji tərəfdaşlığının inkişafı, enerji və infrastruktur layihələrində əməkdaşlıq, özəl sektorun iştirakı və investisiya imkanları, həmçinin ABŞ şirkətləri və investorları üçün Azərbaycanda yaradılan imkanlar diqqət mərkəzində olub.
Panelin ikinci hissəsi “Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri” mövzusuna həsr edilib. “Euronews”un büro rəhbəri Nadira Tüdorun moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan, Türkmənistan, Qazaxıstan, Çin, Almaniya, Gürcüstan və beynəlxalq maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.
Sessiyada Orta Dəhlizin dayanıqlı Şərq-Qərb ticarət və logistika platforması kimi inkişafı, Transxəzər bağlantısının və multimodal nəqliyyat infrastrukturunun gücləndirilməsi, dəmir yolu, liman və logistika imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.
Həmçinin Mərkəzi Asiya, Azərbaycan və Çin arasında ticarət və investisiya əlaqələrinin inkişafı, infrastruktur layihələrinin dövlət-özəl tərəfdaşlığı və özəl kapital hesabına maliyyələşdirilməsi, tranzit imkanlarının istehsal və emal sahələri ilə əlaqələndirilməsi, regional sənaye əməkdaşlığının və dəyər zəncirlərinə inteqrasiyanın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz və qlobal bazarlar arasında strateji keçid platforması kimi mövqeyinin, eləcə də nəqliyyat-logistika imkanlarının istehsal və regional dəyər zəncirlərinin inkişafı ilə əlaqələndirilməsinin investisiya və iqtisadi əməkdaşlıq üçün yaratdığı imkanlar vurğulanıb.