"Erkən münasibətlərimizdən formalaşan emosional modellər yetkinlik dövründə yaxın münasibətlərimizə təsir edə bilir" - PSİXOLOQ

25 Sentyabr 2026 15:44 (UTC+04:00)

"Son illərdə psixoloq kimi müşahidələrimdə diqqətimi çəkən məqamlardan biri münasibətlərin daha sürətli qurulması ilə yanaşı, insanların bir-birindən daha tez uzaqlaşmasıdır. Bəzən münasibəti bitirən böyük bir xəyanət və ya ciddi konflikt olmur. Münasibət tədricən yorulur: danışmaq azalır, anlaşılmaq hissi itir, emosional yaxınlığın yerini səssizlik və məsafə tutur". Bu fikirləri SİA-ya açıqlamasında PRİM Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Almara Məlikova söyləyib.

Onun sözlərinə görə, məncə, bunun əsas səbəblərindən biri müasir insanın münasibətdən gözləntilərinin yüksəlməsi, amma münasibətdə yaranan emosional çətinliklərə dözümlülüyünün eyni sürətlə inkişaf etməməsidir: "İnsan sevilmək, anlaşılmaq, diqqət görmək istəyir, lakin qarşı tərəfin fərqliliyinə uyğunlaşmaq, konfliktin yaratdığı narahatlığı daşımaq və münasibətin çətin mərhələlərini birlikdə keçmək həmişə asan olmur.

Elmi araşdırmalar da göstərir ki, münasibətdə konfliktin mövcudluğu özü-özlüyündə əsas problem deyil. Daha mühüm məsələ tərəflərin konflikt zamanı necə davrandığıdır. Tənqid–geri çəkilmə, ittiham–susma kimi ünsiyyət dövrləri yaxınlığı zəiflədə bildiyi halda, problemi konstruktiv şəkildə ifadə etmək və qarşı tərəfin reaksiyasına açıq olmaq münasibətin qorunmasına kömək edə bilər.

Burada bağlanma tərzinin də böyük rolu var. Erkən münasibətlərimizdən formalaşan emosional modellər yetkinlik dövründə yaxın münasibətlərimizə təsir edə bilir. Təşvişli bağlanma xüsusiyyətləri olan insan qarşı tərəfin kiçik məsafəsini belə “məni artıq istəmir” kimi şərh edə bilər. Qaçınan bağlanma xüsusiyyətləri üstünlük təşkil edən insan isə münasibət emosional olaraq dərinləşdikcə özünü qorumaq üçün məsafə yarada bilər. Araşdırmalar bağlanma güvənsizliyi ilə münasibət keyfiyyəti arasında əlaqənin olduğunu, eyni zamanda tərəfdaşın həssas və uyğun reaksiyasının bu təsiri müəyyən qədər yumşalda bildiyini göstərir.

Müasir münasibətlərə əlavə olunan başqa bir faktor rəqəmsal dünyanın yaratdığı daimi diqqət parçalanmasıdır. Bəzən iki insan eyni otaqdadır, amma psixoloji olaraq birlikdə deyil. Telefonla məşğul olub tərəfdaşı diqqətdən kənarda qoymaq üçün istifadə edilən “partner phubbing” anlayışı artıq ayrıca tədqiqat mövzusudur. Meta-analitik məlumatlar bu davranışın daha aşağı münasibət məmnuniyyəti, yaxınlıq keyfiyyəti və tərəfdaşın həssaslığı ilə əlaqəli olduğunu göstərir.

Mən praktikada münasibətlərin çox zaman bir gündə bitmədiyini görürəm. İnsan əvvəlcə danışır, sonra izah etməkdən yorulur. Daha sonra mübahisə etməyi də dayandırır. Kənardan sakitlik yaranır, amma həmin sakitlik hər zaman münasibətin düzəlməsi demək deyil. Bəzən insan emosional olaraq münasibətdən artıq uzaqlaşmağa başlayır.

Münasibətlər üçün ən təhlükəli məqamlardan biri də “məni sevirsə, demədən anlamalıdır” düşüncəsidir. Halbuki yaxınlıq düşüncə oxumaq deyil. Sağlam yaxınlıq ehtiyacını ifadə edə bilmək, qarşı tərəfi eşitmək və onun emosiyasına cavab verə bilməkdir. Psixologiyada “perceived partner responsiveness” — yəni tərəfdaş tərəfindən anlaşılmaq, qəbul edilmək və qayğı görülmək hissi — yaxın və məmnun münasibətlərin mühüm xüsusiyyətlərindən biri hesab olunur.

Sosial şəbəkələr isə başqa bir psixoloji illüziya yarada bilir: həmişə daha yaxşı alternativin mövcud olduğu hissini. Üstəlik, başqalarının münasibətlərinin seçilmiş, gözəl tərəflərini görüb öz münasibətimizin gündəlik reallığı ilə müqayisə edə bilirik. Bununla belə, sosial medianı bütün münasibət problemlərinin səbəbi kimi təqdim etmək elmi baxımdan düzgün olmaz. Daha dəqiq desək, problem texnologiyanın özündən çox, onun münasibətdə diqqəti, güvəni və emosional mövcudluğu necə dəyişdirməsidir. Telefonun tərəfdaşdan üstün tutulması ilə münasibət məmnuniyyətinin azalması arasında əlaqə müxtəlif tədqiqatlarda göstərilib.

Mənim müşahidəmə görə, müasir münasibətlərin əsas paradoksu budur: insanların bir-birinə çatmaq imkanları heç vaxt bu qədər çox olmayıb, amma bir-birinin daxilinə çatmaq yenə də çətindir. Mesaj yazmaq asandır, hissini açmaq çətindir. Yeni insanla tanış olmaq asandır, bir insanı həqiqətən tanımaq isə zaman tələb edir. Uzaqlaşmaq asandır, münasibətin çətin mərhələsində qalaraq problemi birlikdə həll etmək isə emosional yetkinlik tələb edir.

Ona görə münasibətin davamlılığını yalnız “nə qədər sevirik?” sualı ilə ölçmək, məncə, kifayət deyil. Daha vacib suallar bunlardır: Bir-birimizi nə qədər eşidirik? Narazılığımızı incitmədən ifadə edə bilirikmi? Konflikt zamanı bir-birimizə qarşı mübarizə aparırıq, yoxsa problemə qarşı birlikdə dayanırıq?

Çünki uzunmüddətli münasibəti yalnız hisslərin gücü deyil, emosional məsuliyyət, qarşılıqlı hörmət, etibar, ünsiyyət və münasibəti qorumaq üçün iki tərəfin də göstərdiyi davamlı səy yaşadır.

Bəzən insanlar sevgiləri bitdiyi üçün deyil, bir-birlərinə gedən emosional yolu itirdikləri üçün ayrılırlar".