“Afrika artıq öz təbii sərvətlərinin istismarının müstəmləkəçi modelinə dözməyəcək”.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu Qana Prezidenti Con Dramani Mahama BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı deyib.
“Xəbərdarlıq etmək istəyirəm: Afrika resurslar uğrunda yeni mübarizənin passiv meydanına çevrilməyəcək. Afrikada strateji əhəmiyyətli faydalı qazıntıların hasilatı müstəmləkəçilik dövrünün istismar təcrübəsini təkrarlamamalıdır. Biz öz resurslarımızı ölkələrimizin daxilində emal edəcəyik. Gənclərimiz üçün layiqli iş yerlərini təmin edən yerli istehsal sahələri yaradacağıq. Afrika daxilində təbii sərvətlərimizin dəyərini qoruyacağıq”, - dövlət başçısı bildirib.
O qeyd edib ki, Afrika qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu tərəfdaşlığa nail olmağa çalışır.
Prezident dünya ictimaiyyətini simvolik jestlərdən real addımlara keçməyə, Afrikanı və Qlobal Cənub ölkələrini asılı vəziyyətdə saxlayan davamlı istismar mexanizmlərini aradan qaldırmağa çağırıb. Mahama bu mexanizmlər sırasında ədalətsiz ticarəti, yırtıcı resurs hasilatını və Afrikanın inkişafını məhdudlaşdıran mövcud qlobal maliyyə arxitekturasını vurğulayıb.
Qana Prezidenti bildirib ki, inkişaf etməkdə olan ölkələr və Qlobal Cənub dövlətləri sənayeləşmiş ölkələr üçün tətbiq edilən faiz dərəcələrindən səkkiz dəfə yüksək faizlə kredit götürürlər. Onun sözlərinə görə, iqlim fəlakətlərindən zərər çəkən Afrika dövlətləri səbəbkarı olmadıqları daşqın və quraqlıqların nəticələrini aradan qaldırmaq üçün dözülməz borclar götürməyə məcbur qalırlar.
“Hökumətlər faciəvi seçim qarşısında qalırlar: talançı borcları ödəmək, yoxsa öz xalqlarının qayğısına qalmaq. Biz islahatlar tələb edirik. İnkişaf etməkdə olan iqtisadiyyatlara insan kapitalına, sənayeləşməyə və iqlim dəyişikliyinə uyğunlaşmaya investisiya qoymağa imkan verəcək uzunmüddətli, əlçatan və güzəştli maliyyələşdirməyə ehtiyacımız var”, - Con Dramani Mahama söyləyib.
Qana lideri keçmiş müstəmləkəçi dövlətlər tərəfindən təzminat ödənilməsi məsələsini də gündəmə gətirib:
“Həqiqi zərərin ödənilməsi struktur dəyişiklikləri tələb edir. Davamlı istismar mexanizmlərini - ədalətsiz dünya ticarətini, yırtıcı resurs hasilatını, ayrı-seçkilik xarakterli kredit reytinqlərini, Qlobal Cənub ölkələrinin üzərinə düşən dözülməz borc yükünü, həmçinin xammalın Afrikadan davamlı şəkildə çıxarılmasını aradan qaldırmaq lazımdır”.
Ayşən Vəli