“Böyük Britaniya Azərbaycan layihələrinə maliyyə dəstəyi göstərə bilər“ -NATALIA SERGEEVA

25 Sentyabr 2026 15:22 (UTC+04:00)

Böyük Britaniya Azərbaycanın müxtəlif sahələr üzrə layihələrini maliyyələşdirməyə dəstək göstərə bilər

SİA xəbər verir ki, bunu UREF-in Origination üzrə nümayəndəsi Natalia Sergeeva Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, təqdim edilən zəmanət Böyük Britaniya hökumətinin tələbləri baxımından çevikdir. Onun sözlərinə görə, təkrar sığorta zəmanəti müqavilənin dəyərinin 85 faizini əhatə edir və həmin çərçivədə riskin 100 faizi üzərinə götürülür.

“Böyükmiqyaslı və yüksək dəyərli layihələr üçün bu, iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır”, - deyə Natalia Sergeeva qeyd edib.

O vurğulayıb ki, maliyyələşdirmə məsələsində banklarla əməkdaşlıq edilir və Böyük Britaniya hökumətinin “AA” kredit reytinqi maliyyələşmənin iqtisadi şərtlərinin cəlbedici olmasına imkan yaradır.

Natalia Sergeeva Böyük Britaniyada müxtəlif sənaye sahələri və qurumlarla əlaqələrin qurulmasına da dəstək göstərilə biləcəyini bildirib. O qeyd edib ki, Azərbaycan iqtisadiyyatını və sektorlarını şaxələndirdikcə, Böyük Britaniyanın müxtəlif sahələrdə mövcud təchizat zəncirlərindən yararlanmaq imkanları da genişlənə bilər.

“Üçüncü məsələ kapitalın səfərbər edilməsi və potensialın yaradılmasıdır. Böyük Britaniyanın milli banklarla, öz ekspertləri ilə, digər ixrac kredit agentlikləri və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı yeni kapital və kapital bazarlarının formalaşmasına imkan yarada bilər”, - deyə o əlavə edib.

UREF nümayəndəsi Azərbaycanın iqtisadi əsaslarının güclü, müxtəlif sahələr üzrə layihələr portfelinin isə geniş olduğunu bildirib. Onun sözlərinə görə, Böyük Britaniyanın əsas məqsədi maliyyələşməyə çıxışın olmaması səbəbindən heç bir layihənin uğursuzluğa düçar olmamasına dəstək göstərməkdir.