“Suveren süni intellekt məlumatların və modelin ölkə daxilində olmasını nəzərdə tutur“ -KAI-FU LEE

25 Sentyabr 2026 15:12 (UTC+04:00)

“Avropanın arzularından biri də suveren süni intellektdir. Sizin fikrinizcə, bu nə deməkdir?”

SİA xəbər verir ki, bunu 01.AI şirkətinin CEO-su Kai-Fu Lee Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, suveren süni intellekt adətən məlumatların ölkə daxilində saxlanılması, modelin ölkə daxilində hazırlanması və ölkənin dilinə və mədəniyyətinə uyğunlaşdırılması kimi müəyyən edilir.

Kai-Fu Lee bildirib ki, ölkələr süni intellektdən istifadə etməklə dövlət idarəçiliyini və proseslərini daha səmərəli təşkil edə bilərlər. O qeyd edib ki, süni intellektin tətbiqi təhsil sistemi də daxil olmaqla müxtəlif sahələrdə yeni imkanlar yaradır.

“Əməkdaşlıq etdiyimiz ölkələrdən birində K-12 təhsil sistemini süni intellektlə yenidən qururuq. Bir çox ölkələrin bunu etməyə cəsarəti çatmır. Dövlət və hökumət başçıları, nazirlər arasında belə addımlar atmağa cəsarət edənlər isə çox azdır”, - deyə o vurğulayıb.

CEO hökumətləri süni intellektin imkanlarını nəzərdən keçirməyə çağırıb. Onun sözlərinə görə, süni intellekti qəbul etməyən hökumətlər fəaliyyətini dayandırmır, lakin təşəbbüsü əldən verə bilərlər.

Kai-Fu Lee həmçinin bir nəfərlik şirkətlərin yaradılması üçün insanların maarifləndirilməsinin vacibliyini qeyd edib.

“Gələcək artıq buradadır, sadəcə bərabər paylanmayıb. Əgər ölkəniz süni intellekti cəmiyyətin geniş təbəqələri arasında tətbiq edə bilən azsaylı ölkələrdən birinə çevrilərsə, bu, böyük imkanlar yarada bilər”, - deyə o əlavə edib.